Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiyaya qarşı keçirəcəyi oyunda qələbə qazana bilər.
Bu barədə "Report"a yığmanın üzvü Amil Həmzəyev açıqlama verib.
35 yaşlı oyunçu sözügedən ölkəyə səfərin uzun və yorucu olacağını söyləyib:
"Məncə, buradan öz lehimizə geridönüş etmək şansımız var. Bizim üçün ən vacib qarşılaşmadır. Ardınca Şimali Makedoniya ilə ev matçında tam fərqli oyun göstərə bilərik. Qrupda balansı dəyişə bilərik. İrlandiyadakı görüşə mental olaraq çox yaxşı hazırlaşmışıq. Qələbə ilə qayıdacağımızı düşünürəm".
A.Həmzəyev ilk iki oyunda Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olduqlarını xatırladıb:
"Şimali Makedoniya qrupun favoritidir. Güclü rəqiblə seçmə mərhələyə start verdik. Bu, bir az əlverişsiz təqvim idi. Daha sonra Lüksemburqla üz-üzə gəldik. Həmin qarşılaşmada isə gec toparlandıq. Birinci görüşdəki təzyiqi üzərimizdən ata bildik. Amma gec toparlandıq. Düşünürəm ki, Lüksemburqla bir daha evdə, normal şərtlərdə oynasaq, onlara rahat qalib gələ bilərik".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçlarını fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.