Azərbaycanda kiberdiplomatiya üzrə beynəlxalq konfrans bu ilin sonunda keçirilə bilər.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.
"Biz Kiberdiplomatiya üzrə beynəlxalq konfransı iki ildən bir keçiririk. Ümid edirəm ki, növbəti konfrans bu ilin sonunda baş tutacaq", - o qeyd edib.
T.Məmmədovun sözlərinə görə, qurum bu konfransla yanaşı, Cyber Festival da təşkil edir.
"Festival çərçivəsində konfrans, sərgi, təlimlər və müxtəlif komandalar üçün kiberyarışlar keçirilir. Bundan başqa, biz dövlət orqanları üçün qrafikdən asılı olaraq ildə iki, üç və ya dörd dəfə CISO görüşləri keçiririk. Bu görüşlərdə təqdimatlar nümayiş olunur, informasiya təhlükəsizliyi məsələləri, mövcud təhdidlər və risklər, habelə onların aradan qaldırılması yolları müzakirə edilir", - rəis müavini əlavə edib.