IMG-LOGO

Azərbaycanda süni intellekt sistemlərində məlumatların emalına nəzarət gücləndiriləcək

25 Feb 2026 11:49 3 baxış
IMG

Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı tələbləri müəyyən edən sənəd üzərində iş aparılır.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum daxilində dövlət məlumatlarının mühafizəsini təmin etməklə yanaşı, dövlət orqanları üçün rahat və praktik mühitin yaradılması ilə bağlı zəruri olan addımlar müzakirə edilir.

"Biz həmçinin süni intellektin təhlükəsizlik tələblərini müəyyən edəcək sənəd üzərində işləyirik. Süni intellekt sistemlərində hansı məlumatların istifadə edilməsindən və onların necə emal olunmasından asılı olaraq, həmin məlumatların "bulud mühiti"nə ötürülməsinin mümkün olub-olmadığı barədə qərar qəbul ediləcək. Məlumatların təsnifatına əsaslanaraq, hansı məlumatların ötürülməsinə icazə verildiyini, hansılar üçün isə dövlət qurumları daxilində öz modellərimizi öyrətməyin zəruri olduğunu müəyyən etmək mümkün olacaq", - rəis müavini qeyd edib.

T. Məmmədov əlavə edib ki, bu məqsədlər üçün iki əsas mərkəz yaradılıb: "Onlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digəri isə İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərir. Maşın öyrənməsi və onunla əlaqəli texnologiyalar əhəmiyyətli hesablama gücü tələb etdiyi üçün hər iki mərkəz yüksək məhsuldarlıqlı hesablama resursları ilə təchiz olunub".

Xəbər lenti