IMG-LOGO

AGF nümayəndəsi: "Azərbaycan gimnastlarının Dünya Kubokunda altı medal qazanması böyük uğurdur"

23 Feb 2026 13:48 3 baxış
IMG

Azərbaycan gimnastlarının Bakıda keçirilmiş Dünya Kubokunda altı medal qazanması böyük uğur və qürurverici nəticədir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova deyib.

AGF rəsmisinin sözlərinə görə, bu nailiyyət onların uzunmüddətli hazırlığının, zəhmətinin və peşəkarlığının göstəricisidir:

"Gimnastlarımız yarış boyunca yüksək səviyyəli çıxışlar nümayiş etdirdilər, həm texniki icra, həm də artistlik baxımından seçildilər. Azarkeşlərin dəstəyi onlara əlavə motivasiya verdi. Ümid edirik ki, mövsüm boyunca bütün yarışlarda yüksək nəticələrlə bizi sevindirərlər".

S.Şükürova Dünya Kubokunun yüksək səviyyəli təşkilatçılıqla yadda qaldığını söyləyib:

"Yarışın beynəlxalq standartlara uyğun keçirilməsi, arenada yaradılan müasir texniki imkanlar, könüllülərin peşəkar fəaliyyəti və qonaqlara göstərilən yüksək qonaqpərvərlik xüsusi qeyd olunmalıdır. Milli Gimnastika Arenasında həm idmançılar, həm də tamaşaçılar üçün rahat və təhlükəsiz mühit yaradılmışdı. Xüsusilə Tofiq Əliyevlə görüş zamanı atmosfer olduqca coşqulu idi və bu da yarışa əlavə rəng qatdı. Ümumilikdə Bakı bir daha mötəbər idman tədbirlərini ən yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi".

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ötən gün başa çatıb. Selcan Mahsudova - Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar. Tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib. Batutçulardan Maqsud Mahsudov - Hüseyn Abbasov və Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlükləri sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.

Xəbər lenti