Birləşmiş Ştatlar İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarında yerləşdirilən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi əməliyyat üçün Yaxın Şərqdə nəhəng hava gücü toplayır.
FT peyk görüntülərinə və Təl-Əviv Universitetinin rəyinə istinadən bildirib ki, İordaniyadakı bazada azı 66 qırıcı təyyarə var. Aviasiya ekspertinin rəyinə əsasən, görüntülərdə görünən təyyarələrdən 18-i "F-35" qırıcılarıdır. Məqalədə həmçinin qeyd olunub ki, bazada 17 ədəd "F-15" qırıcısı və 8 ədəd "A-10" hücum təyyarəsi yerləşir. Qəzetin yazdığına görə, həmin bazada "EA-18" radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə edilib.
Görüntüləri təhlil edən aviasiya eksperti həmçinin Səudiyyə Ərəbistanındakı bazada "E-3 AWACS" uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələrinin, eləcə də "C-130" və "C-5" nəqliyyat təyyarələrinin olduğunu bildirib. "Financial Times" yazıb ki, orada da aviasiya vasitələrinin sayı artıb.
Yanvar ayında Ağ Ev İslam Respublikasına qarşı güc tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdikləri barədə xəbərdarlıq edib. Vaşinqton o zaman ümidvar olduğunu bildirib ki, Tehran danışıqlar masasına oturacaq və nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli və bərabərhüquqlu" saziş imzalayacaq. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib.