IMG-LOGO

Münxendə qar yağışı səbəbindən təxminən 500 sərnişin gecəni təyyarələrdə keçirib

23 Feb 2026 00:11 2 baxış
IMG

Münxen hava limanında güclü qar yağışı səbəbindən 500-ə yaxın sərnişin gecəni təyyarələrdə keçirmək məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə DPA Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa"nın nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, cümə axşamına planlaşdırılan reyslər cümə gününə keçən gecə güclü qar yağışı səbəbindən ləğv edilib. Bu zaman bütün sərnişinlər artıq göyərtədə olub, təyyarələr isə uçuşa hazır vəziyyətdə gözləyirmiş. Hava limanının məlumatına görə, səyahətçilər avtobus çatışmazlığı və boş parkinq yerlərinin olmaması səbəbindən terminala qayıda bilməyiblər. Bu səbəbdən sərnişinlər və ekipaj üzvləri təyyarələri tərk edə bilməyib və gecəni uçuş-enmə zolağında, hava gəmilərinin göyərtəsində keçirməli olublar.

"Lufthansa"nın Sinqapur, Kopenhagen və Qdanska olan üç reysi ilə yanaşı, "Air Dolomiti" aviaşirkətinin Qrats və Venesiyaya uçan iki reysinin sərnişinləri də analoji halla üzləşiblər. Sərnişinlərin daşınması üçün avtobuslar fəaliyyətini yalnız səhər tezdən bərpa edib. Aviaşirkət nümayəndəsi sərnişinlərin terminala daşınması üçün niyə avtobus tapılmadığını izah edə bilməyib və deyib ki, avtobus xidmətinin təşkilinə görə hava limanı məsuliyyət daşıyır.

Münxen hava limanından isə məsələ ilə bağlı şərh verilməyib. Hava limanının rəsmisi sadəcə qısa bir bəyanatla kifayətlənib: "Yaranmış narahatlığa görə dərin təəssüf hissi keçiririk".

Xəbər lenti