IMG-LOGO

Avropa İttifaqı ABŞ ilə ticarət sazişi üzrə səsverməni təxirə salmaq istəyir

22 Feb 2026 18:38 3 baxış
IMG

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın qlobal tariflərini ləğv etdikdən sonra Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) transatlantik ticarət sazişinin bir hissəsini icra edən qanun layihəsi üzrə səsverməni təxirə salmalıdır.

"Report"un məlumatına görə, bunu AP-nin Ticarət komitəsinin sədri Bernd Lanqe "Politico" nəşrinə müsahibəsində bildirib.

"Amerika administrasiyası tərəfindən tam tarif xaosu hökm sürür. Ternberri sazişinin şərtləri və onun qurulduğu hüquqi baza dəyişib. Ona görə də sabahkı əlavə iclasımızda Avropa Parlamentinin danışıqlar qrupuna təklif edəcəyəm ki, biz müvafiq hüquqi qiymətləndirmə və ABŞ-dən aydın öhdəliklər alana qədər qanunvericilik işini dayandıraq", - o qeyd edib.

Ternberri sazişi - 2025-ci ilin iyulunda ABŞ administrasiyası ilə Avropa Komissiyası arasında bağlanmış müvəqqəti çərçivə ticarət sazişidir. Saziş ticarət müharibəsindən qaçmaq məqsədilə ABŞ-nin sənaye mallarına tətbiq edilən rüsumların ləğvi müqabilində Vaşinqtonun Aİ-dən gələn mallara 15 %-lik rüsum tətbiqini nəzərdə tuturdu.

Qeyd edək ki, fevralın 21-də ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə bütün ölkələrdən idxal olunan mallar üçün rüsumları 10 %-dən 15 %-ə qaldırdığını açıqlayıb.

Xəbər lenti