İndoneziyanın bir sıra vilayətlərində yarasalarda Nipah virusuna qarşı anticisimlər tapılıb.
"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Tədqiqatlar Medan, Qərbi və Şərqi Yava, həmçinin Qərbi Kalimantanda yarasalar arasında Nipah virusuna qarşı anticisimlərin yayılma səviyyəsinin təxminən 18-30% təşkil etdiyini göstərib", - nazirlikdən bildiriblər.
Həmçinin qeyd edilib ki, İndoneziyada donuzlarda virusa qarşı anticisimlər aşkar edilməyib.
Bundan əvvəl məlum olub ki, Nipah virusu heyvanlardan, məsələn, yarasalardan və donuzlardan insana keçə bilər. O, tənəffüs sistemini zədələyir və vaxtında yardım göstərilmədikdə ölümlə nəticələnir.
Xatırladaq ki, yanvar ayında Hindistanın Kəlküttə şəhəri yaxınlığında Nipah virusunun yayılması qeydə alınıb. Hazırda beş nəfər yoluxub və təxminən yüz nəfər karantində saxlanılır. Xəstəliyin müalicəsi üçün hazırda heç bir dərman preparatı və ya peyvənd yoxdur.