IMG-LOGO

Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

22 Feb 2026 05:02 2 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa bir neçə Avropa vətəndaşına qarşı sanksiyaları ləğvini xahiş edən məktub göndərib.

"Report" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb.

Söhbət xüsusən Avropanın daxili bazar məsələləri üzrə sabiq komissarı Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikolas Giyudan gedir.

"Sizdən administrasiyanızın qərarlarını yenidən nəzərdən keçirməyinizi, Nikolas Giyu və Tyerri Bretona qarşı ədalətsiz tətbiq olunmuş sanksiyaların ləğvini xahiş edirəm", - qəzet məktubdan bir hissəni sitat gətirib.

Nəşrin məlumatına görə, ABŞ əvvəllər Breton barəsində və Vaşinqtonun amerikalıları senzura etmək cəhdlərində iştirakını hesab etdiyi bir neçə digər şəxsə qarşı viza məhdudiyyətləri tətbiq etmişdi. Keçmiş Avropa komissarı, xüsusən Aİ-nin rəqəmsal xidmətlər qanununun "ideya ilhamçısı" adlandırılıb.

"Tyerri Bretona qarşı sanksiyalar Avropa qanunvericiliyinin muxtariyyətini sarsıdır, bundan əlavə, səhv hesablamaya əsaslanır: Avropa rəqəmsal tənzimləməsi ekstraterritorial təsirə malik deyil və ayrı-seçkilik olmadan tətbiq olunur", - Makron qeyd edib.

Fransa lideri həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verməsindən sonra ABŞ-nin Giyuya qarşı sanksiyalarını tənqid edib. Onun fikrincə, bu addım "məhkəmə müstəqilliyi prinsipin"i və BCM-in mandatını sarsıdır.

Nəşrin məlumatına görə, Makron Fransanın xarici işlər naziri Jan-Noel Barroya ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşneri çağırmağı tapşırıb. Çağırışın səbəbi açıqlanmır, lakin qeyd edilir ki, diplomat əvvəllər Dövlət Departamentinin "X" sosial media platformasında sağçı fəal Kanten Derankın ölümü ilə bağlı araşdırma aparılmasına çağıran bəyanatını paylaşıb.

Xəbər lenti