IMG-LOGO

Almaniyada qənaət üçün dövlət qulluğuna işçi qəbulunun dondurulması təklif edilib

21 Feb 2026 19:41 4 baxış
IMG

Almaniyanın aparıcı iqtisadçılarından biri, Münhenin "Ifo" İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst büdcə vəsaitlərinə qənaət etmək üçün dövlət qulluğuna yeni işçilərin qəbulunu müvəqqəti dondurmağı təklif edib.

"Report" xəbər verir ki, o bunu "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

Füst daşınmaz əmlak sahəsində subsidiyaların azaldılmasını və federal büdcənin sağlamlaşdırılması üçün digər tədbirləri də dəstəkləyib.

"Fövqəladə tədbir olaraq, hələ hüquqi cəhətdən məcburi razılaşmalar olmayan bütün subsidiyaları üçdə bir azaltmaq və milli müdafiə sahəsi istisna olmaqla, dövlət sektorunda yeni işçilərin işə götürülməsinə moratorium tətbiq etmək olar", - o qeyd edib.

Öz növbəsində Almaniya hökuməti yanında İqtisadi Şuranın üzvü Monika Şnitser islahatlar üçün ölkə hakimiyyətinin siyasi iradəsinin olmadığını bildirib.

"Almaniya hökuməti daim məqsəd və zəruri qərarlardan geri qalır", - o nəşrə müsahibəsində deyib.

Şnitserin fikrincə, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat partiyalarının səhvi konkret islahatçı təkliflər olmadan Bundestaq seçkilərinə qatılmaları və sonradan koalisiya danışıqlarından çıxmalarıdır. Bununla yanaşı, problemli məsələlər üzrə komissiyaların yaradılmasına üstünlük verilib.

Xəbər lenti