IMG-LOGO

2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü

02 Jan 2026 15:02 3 baxış
IMG

Müasir dövrdə dayanıqlı iqtisadi modelin formalaşması ölkənin rəqəmsallaşma səviyyəsi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Çünki rəqəmsallaşma məhsuldarlığı artırmaq, yeni bazarlara çıxışı asanlaşdırmaq, yeni sənaye sahələri və iş yerləri yaratmaq, xidmət göstərilməsini yaxşılaşdırmaq, əhalinin rifahını artırmaq və ekoloji tələbləri nəzərə alan daha dayanıqlı istehsal modelləri tətbiq etmək potensialına malikdir. O, iqtisadiyyatı və cəmiyyəti transformasiya edir, qarşılıqlı əlaqə və sosial kommunikasiya modellərində, biznesdə, istehsalda və dövlət xidmətlərinin göstərilməsində dəyişikliklərə və innovasiyalara təkan verir.

Rəqəmsal transformasiya informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı ilə sıx əlaqəlidir. İnnovativ texnologiyalar, həllər, texnoloji icmalar və ekosistem rəqəmsal transformasiyanın hərəkətverici qüvvələridir. Xüsusilə dövlət idarəçiliyinin rəqəmsal transformasiyası, o cümlədən dövlət əməliyyatlarını, xidmətlərini, əməkdaşların təcrübəsini və vətəndaşlarla qarşılıqlı əlaqəni modernləşdirmək üçün texnologiyaların və rəqəmsal həllərin istifadəsi vacib istiqamətlərdən biridir. Bu, hakimiyyətin müxtəlif qollarına öz işlərini təkmilləşdirməyə və resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Dövlət sektoru işçiləri çoxsaylı əl əməyi tələb edən proseslərə müraciət etmədən daha məhsuldar işləməyə imkan verən alətlərə çıxış əldə edirlər. Bu isə öz növbəsində xidmətlərin göstərilməsini sürətləndirir və gözləmə müddətini azaldır.

Rəqəmsallaşmanı əsas prioritetlərdən biri kimi müəyyən edən Azərbaycanda son illər bu istiqamətdən əhəmiyyətli fəaliyyət həyata keçirilib və 2025-ci il də bu mənada istisna olmayıb.

Rəqəmsal transformasiya iqtisadiyyat üçün yeni üfüqlər açıq

Rəqəmsal hökumət keçid konsepsiyasının mühüm alətlərindən olan "mygov" rəqəmsal hökumət platformasına həm veb, həm də mobil tətbiq üzərindən qoşulan vətəndaşların sayında əhəmiyyətli artım olub. Nəticədə platformanın istifadəçilərinin sayı 2 milyon nəfəri ötüb. Təkcə ötən il 1 milyondan çox vətəndaş platformadan qeydiyyatdan keçib. Bu isə əvvəlki ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərə bərabər olub. Rəqəmsal xidmətlərin sayı isə 400-ü ötüb. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Ötən il bu xidmətlərə müraciətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.

2025-ci ildə platformada iş yerinə dair arayışın alınması, vətəndaşların qaz təchizatı ilə bağlı müayinə aktlarının izlənməsi, vətəndaşların dövlət qurumlarına birbaşa rəsmi məktub göndərməsi (eyni zamanda dövlət qurumlarının da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaması), vətəndaşların özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə onlara bildirişlərin yollanması, əmək müqaviləsinin imzalanması, işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələrin alınması və sair mümkün olub.

Eyni zamanda "SİMA" (Sistem İnformasiya Məlumatları) biometrik rəqəmsal imza sistemində vətəndaşlar və sahibkarlar "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı əldə edib. Bununla yanaşı sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədilə yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub. "SİMA"nın İnternet Vergi İdarəsinə inteqrasiyası çərçivəsində isə daha 30-a yaxın elektron vergi xidmətinin "SİMA İmza" ilə əldə etməsi və vahid vergi bəyannaməsinin təqdim edilməsi təmin olunub.

Dövlət qurumlarının informasiya sistemləri və ehtiyatlarının "Hökumət buludu"na (G-cloud) tam və ya qismən miqrasiyası prosesi davam etdirilib. Belə ki, "Azəristiliktəchizat" ASC-nin, Əqli Mülkiyyət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA), Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), "AzerGold" QSC-nin İT sistemləri tam şəkildə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin – isə qismən G-cloud-a köçürülüb.

Azərbaycanda dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi (digital.bridge) üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı isə 2 milyardı ötüb. Ötən ilin ilk 10 ayında sistem üzərindən 786 milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 89 % artım deməkdir. Beləliklə, 2025-ci ildə digital.bridge üzərindən həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Ölkədəki rəqəmsallaşma prosesi Birləşmiş Millətlər Təşkilatının (BMT) diqqətindən kənarda qalmayıb. Belə ki, təşkilatın 2025-ci il üzrə "Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı"nda Azərbaycan kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bənd, 2023-cü illə müqayisədə 3,7 faiz bənd, sərhədlərarası kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 50 faiz bənd, 2023-cü ilə nəzərən isə 5,6 faiz bənd irəliləyib.

Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya-Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə 7-ci mövqedə, habelə, tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında 1-ci mövqedə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz "İslam Əməkdaşlıq Təşkilatı", "Türk Dövlətləri Təşkilatı", "Müstəqil Dövlətlər Birliyi", "İqtisadi Əməkdaşlıq Təşkilatı", "D-8 İqtisadi Əməkdaşlıq" təşkilatına üzv ölkələr arasında lider mövqeyindədir. Bundan əlavə, Azərbaycan "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" üzərində yerləşən dövlətlər arasında Çindən sonra 2-ci mövqedə qərarlaşıb.

Kibertəhlükəsizlik rəqəmsal dünyanın əsas çağırışına çevrilib

Rəqəmsallaşma prosesi sürətləndikcə onunla bağlı kiber təhdidlər də artır. Bu risklər ilbə il daha təhlükəli xarakter alır. Əgər 2024-cü ildə Azərbaycana qarşı əsasən "Ransomware" (yoluxdurduğu sistemlərin əlçatanlığını məhdudlaşdırdıqdan sonra həmin məhdudiyyətlərin götürülməsi üçün istifadəçidən pul tələb edən zərərli proqramdır) hücumları üstünlük təşkil edirdisə 2025-ci ildə daha çox APT (Advanced Persistent Threat) və ya dövlət dəstəkli hücumlar çoxalıb. APT, əsasən dövlət qurumları, müəssisələr, təşkilatlar kimi konkret hədəflərə qarşı davamlı kiberhücumlar həyata keçirən, kibertəhdid qruplarıdır. Yüksək peşəkarlığa malik və ən müasir texnoloji vasitələrlə təchiz olunan həmin qruplar adətən müəyyən ölkələrin maraqlarına xidmət edirərək sistemləri sıradan çıxarmağa, kritik informasiyaları ələ keçirməyə və subliminal ismarıclarla psixoloji təsir göstərməyə çalışırlar. Bu il may ayında "Arabian Ghost" adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirib. Dövlət qurumlarının kiber təhlükəsizliyini həyata keçirən qurumların fəaliyyəti nəticəsində onların informasiya ehtiyatlarında heç bir dayanma və yaxud müdaxilə halı qeydə alınmayıb. Avqustda isə ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum nəticəsində bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr yaranıb. Lakin internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilərək qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub. Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınaraq provayderin xidmətləri bərpa olunub.

Xüsusi mühafizə altında olmasından dolayı dövlət qurumları bu cür genişmiqyaslı təhdidlərə hazır olsa da eynisini özəl sektor haqqında demək mümkün deyil. Bu kontekstdə media məkanı ən həssas kateqoriyaya daxildir. İlin əvvəlində ölkənin aparıcı media qurumlarına qarşı həyata keçirilən kiber hücum bunun bariz nümunəsidir. Aparılan analizlər və əldə olunan elektron kiber izlərin təhlili hücumların arxasında APT29 kimi tanınan "Cozy Bear" (digər adları "Midnight Blizzard", "the Dukes") qrupunun dayandığını ehtimal etməyə əsas verir. Bu qrupun Rusiya ilə əlaqəli olduğu beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dəfələrlə vurğulanıb. Hücumun izləri arasında müxtəlif ölkələrə, o cümlədən Azərbaycana aid IP-lər aşkarlanıb. Bu isə həmin hücum zamanı zombi kompüterlərdən - yəni digər ölkələrdəki istifadəçi xəbəri olmadan idarə olunan sistemlərdən istifadə olunduğunu göstərir.

Süni intellekt kiber hücumların vektorunu dəyişir

Bu gün kibercinayətkarlar daha mürəkkəb və hədəflənmiş kiberhücumlar həyata keçirmək üçün süni intellektdən istifadə etməklə fişinq məktubları, hiper-realistik saxta audio və ya video kliplər (deepfake) yaradırlar. Digər tərəfdən süni intellekt zərərli proqram təminatının hazırlanmasında demək olar ki, inqilab edir. Onun vasitəsilə canlı orqanizm kimi öz kodunu uyğunlaşdırmaq və "mutasiya" etmək qabiliyyətinə malik yaşamaq üçün təkamül edən proqramlar yaradılır. Bu cür təhdidlərlə effektiv mübarizə ancaq elə süni intellekt əsaslı həllərlə mümkündür. Belə ki, süni intellekt həm də kibertəhdidlərdən qorunma vasitələrinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə kömək edir, təhlükəsizlik qruplarına hücumları əvvəlkindən daha sürətli və dəqiq şəkildə aşkarlamağa və onlara cavab verməyə imkan verir.

Süni intellektin inkişafı üzrə ötən il ölkədə atılan ən mühüm addım "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq olunmasıdır. Ölkədə süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə strategiya çərçivəsində Süni İntellekt Akademiyası ("AI Academy") yaradılıb. Akademiyanın tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Onun fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutunun (MIT), Kaliforniya Universitetinin, Karnegi Mellon Universitetinin, Harvard Universitetinin və Stanford Universitetinin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Süni intellektin tətbiqinin dərinləşməsi ilə proseslər mürəkkəbləşir ki, bu da daha böyük hesablama güclərinin mövcudluğunu tələb edir. Süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə ötən il həm də Superkompüter Mərkəzi yaradılıb.

Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə "NVIDIA H200 GPU" çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib.

Yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq.

Hazırda Superkompüter Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni "GPU" çiplərinin alınması istiqamətində müvafiq işlər davam etdirilir.

Süni intellektin yanlış tətbiqinin və ya nəzarətsiz inkişafının ciddi təhlükələr və risklər yarada biləcəyini nəzərə alsaq, bu sahədə standartların işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkədə süni intellekt sahəsində 8 dövlət standartı mövcuddur ki, onların da 4-ü təkcə 2025-ci ildə təsdiq edilib. Bunlara "İnformasiya texnologiyaları – Süni intellekt – Risklərin idarə edilməsi üzrə təlimat", "Maşın öyrənməsindən istifadə edən süni intellekt sistemləri üçün çərçivə sənədi", "Süni intellekt – Neyron şəbəkələrinin dayanıqlığının qiymətləndirilməsi – Hissə 2: Formal metodların istifadəsi metodologiyası" və "İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi" daxildir.

Startap ekosistemi

Süni intellektin dayanıqlı inkişafı bu sahədə milli həllərin yaradılması və innovasiya ekosisteminin inkişafı ilə sıx əlaqəlidir. Ekosistemin inkişafı, innovasiyaların təşviqi, rəqəmsallaşma və startapların dəstəklənməsi istiqamətində ötən il davamlı fəaliyyət həyata keçirir.

Universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək, dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə ötən il Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

2025-ci ildə Agentliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3 700-dən çox mütəxəssisi olan beynəlxalq İT şirkəti olan "Andersen Lab"ın Azərbaycanda rəsmi mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstək vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq, xüsusilə də İKT xidməti ixracını gücləndirmək olacaq.

Agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5 436 müraciət daxil olub. Vençur fondları və proqramları çərçivəsində startaplara 760 min ABŞ dolları məbləğində investisiya olunub. Hesabat dövründə 45 texnopark rezidenti qeydiyyata alınıb.

Ötən il Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionunda ilk olaraq Azərbaycanda Akselerasiya Mərkəzi açılıb. Mərkəz startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə yaradılıb.

Ölkədəki innovasiya icmalarının dəstəklənməsi və inkişafı istiqamətində görülən işlər innovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan "StartupBlink"in 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksində öz əksini tapıb. Son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan ötən ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24 % təşkil edib ki, bu da Mərkəzi Asiya regionun ən yüksək göstəricisidir.

Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə "İlin şəhəri" olaraq seçilməsidir. Paytaxt şəhər, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və "SaaS" xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.

Süni intellekt əsas trend olaraq qalacaq

Görünən odur ki, 2026-cı ildə Azərbaycanda İKT sektorunun inkişafının əsas hərəkətverici qüvvəsi süni intellekt olacaq. Belə ki, qlobal miqyasda bir neçə il sürən eksperimentlərdən sonra nəhayət ki, süni intellektin alətdən tərəfdaşa çevrildiyini görə biləcəyik. Süni intellekt texnoloji "yarış" hüdudlarından kənara çıxaraq idarəetmənin yenidən dərk edilməsinə kömək edən alət kimi nəzərdən keçirilməyə başlanılacaq.

Süni intellekt agentlərinin rəqəmsal həmkarlara çevrilərək insanın təlimatı ilə konkret tapşırıqları öz üzərinə götürməsi yeni risklər gətirəcək. Dövlət qurumları və şirkətlər bu risklərlə ayaqlaşmaq üçün təhlükəsizlik tədbirlərini artırmalı olacaqlar.

Daha öncə də qeyd teyimiz kimi süni intellekt və kibertəhlükəsizlik ayrılmaz tərkib hissəyə çevrilib. Əvvəl dərin ekspert bilikləri tələb edən tapşırıqları indi süni intellekt əsaslı artırılmış reallığın köməyi ilə yerinə yetirmək mümkün olub. Bu o deməkdir ki, daha az təcrübəli hakerlər daha təhlükəli zərərli proqramlar yaratmaq imkanı əldə ediblər. Süni intellekt həlləri ilə "silahlanmış" kiber cinayətkarlar daha sürətli və ağıllı olacaqlar. Onların aşkarlanması isə çətinləşəcək.

Gələn il şəxsi identifikasiya məlumatları əsas hədəflərdən olacaq. Eyni zamanda saxta məlumatların sayı kəskin artacaq. Gözlənilir ki, süni intellekt həlləri vasitəsilə yaradılan həddindən artıq realistik, tam funksionallı sintetik saxta media fayllar müvafiq qurumların reaksiya verə biləcəyindən daha sürətli yayılacaq. Bütün bunlar nəticə etibarı ilə dövlət idarəçiliyi üçün ciddi problem yarada bilər.

Müxtəlif yurisdiksiyalarda işləyən təşkilatlar süni intellektlə bağlı tələblərə uyğunluğu təmin etmədə artan mürəkkəbliklə qarşılaşacaqlar. Bu, daim dəyişən kriteriyalar və təkamül edən "məsuliyyətli süni intellekt" tərifləri fonunda baş verəcək.

Digər tərəfdən "məsuliyyətli süni intellekt"in təmin olunması üçün bu sahədə standartlarının genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirlməsi prosesi daha da intensivləşək.

Azərbaycan kontekstində bu il "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın təsdiqi gələn ilin rəqəmsal transformasiyaya əhəmiyyətli təkan verəcəyini deməyə əsas verir. Strategiya çərçivəsində 2026-cı ildə rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 50, yeni startapların sayının 30, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların sayının 20, GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsirin 10 milyon manat olacağı hədəflənir. Eyni zamanda Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin, "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın və "Rəqəmsal həllər və xidmətlər platforması"nın yaradılması nəzərdə tutulur.

Xəbər lenti