Rəsmi İrəvan Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasını çıxarmaq istiqamətində Azərbaycanla yekun sülh müqaviləsi imzalandıqdan sonra addım atmaq fikrindədir.
Bunu "Report"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert xatırladıb ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, şərti sərhəddə üçüncü tərəflərin qüvvəsi yerləşdirilməməlidir:
"Bu məsələ ilə bağlı yaxşı olardı ki, Ermənistan dərhal addım atsın. Lakin görünən odur ki, onlar Konstitusiyalarında dəyişiklik edildikdən sonra imzalanacaq yekun sülh müqaviləsini gözləyirlər. Yəni həmin sənəd imzalanmasından sonra bu istiqamətdə addımı atmaq fikrindədirlər".
Politoloq qeyd edib ki, hazırda Bakı və İrəvan arasında yeni proseslərə başlanıb və bunlar Cənubi Qafqaz üçün əlamətdar hadisələrdir, ona görə də hələlik tələsməyə ehtiyac yoxdur:
"Hadisələr çox incə detallardan ibarətdir ki, burada bu və yaxud digər şəkildə Ermənistana təsir edə biləcək qüvvələrin də addımları proseslərə istiqamət verə bilər. Ona görə də Ermənistanın suveren addımlar ata bilib bilməməsinə diqqət etməliyik. Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları pis deyil, amma bu, real davranışlarla da müşayiət olunmalıdır ki, qiymətləndirmək mümkün olsun".

