IMG-LOGO

Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən koalisiya Yəmənə hava zərbələri endirib

02 Jan 2026 16:32 4 baxış
IMG

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəmənin Prezident Rəhbərlik Şurasını dəstəkləyən beynəlxalq koalisiya Yəmənin şərq vilayəti Hədraməvtdə cənub separatçılarının mövqelərinə bir neçə hava zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Yaxın Şərq KİV-in məlumatına görə, hava zərbələri nəticəsində 20-dən çox insan yaralanıb, 7 nəfər isə ölüb.

Bu, Hədraməvt qubernatoru keçən ay separatçı Cənubi Keçid Şurası hərəkatı tərəfindən ələ keçirilmiş hərbi obyektlərin geri qaytarılması əməliyyatının başlandığını elan etdikdən bir neçə saat sonra baş verib.

Buna cavab olaraq Cənubi Keçid Şurası BMT tərəfindən tanınan Yəmən hökumətinin qüvvələrinə qarşı hücuma başlayıb.

Qeyd edək ki, beynəlxalq tanınmış hökuməti təmsil edən Yəmən Prezident Rəhbər Şurasının başçısı Raşad Məhəmməd Əl-Alimi dekabrın 30-da ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət elan edən fərman imzalayıb.

Yəməndə artıq 10 ildən çoxdur ki, vətəndaş qarşıdurması davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən dəstəklənən Prezident İdarəetmə Şurası hakimiyyəti bərpa etmək üçün husilərlə mübarizə aparır. İranın dəstəklədiyi husilər isə paytaxt Sənanı və ölkənin şimalını nəzarətdə saxlayır.

Son vaxtlar BƏƏ tərəfindən dəstəklənən və Cənubi Yəməni ayırmaq istəyən Cənub Keçid Şurası da fəallaşıb.

Cənub Keçid Şurası nümayəndələri 4 dekabrda neftlə zəngin Hədraməvt vilayətində mühüm əraziləri, əhəmiyyətli şəhərləri və neft yataqlarını nəzarətə götürdüklərini açıqlayıblar. 9 dekabrda isə Mehra vilayətinin ələ keçirildiyi bildirilib. Yəmən Prezident İdarəetmə Şurası Cənub Keçid Şurası Hədraməvt və Mehra vilayətlərindən qüvvələrini çıxarmağa çağırsa da, Şura bunu etməyib. Yəmənin "PetroMasila" neft şirkəti Hadramaut Qəbilələr İttifaqı tərəfindən bəzi obyektlərin ələ keçirilməsi səbəbindən 1 dekabrda istehsalı tamamilə dayandırıb. 2013-cü ildə Yəməndə yaradılan və əyalət üçün muxtariyyət tələb edən Hadramaut Qəbilələr İttifaqı Cənub Keçid Şurası və Yəmən hökuməti ilə əlaqəsi olmayan yerli qüvvələrdən ibarətdir.

Xəbər lenti