2027-ci ildə Azərbaycanda əmlak vergisi üzrə daxilolmaların ÜDM-ə, o cümlədən qeyri neft-qaz və neft-qaz sektorları üzrə əmlak vergisi üzrə daxilolmaların həmin sektorlar üzrə ÜDM-ə nisbətinin 0,3 % olacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Əmlak vergisinin hesablanması və ödənilməsi vəziyyəti ilə bağlı keçirdiyimiz audit bu vergi növü üzrə potensialın mövcud olduğunu göstərir. Belə ki, audit çərçivəsində hüquqi şəxslərin adında iri sahələrə malik daşınmaz əmlaklarının, yəni kommersiya obyektlərinin mövcud olmasına baxmayaraq həmin daşınmaz əmlakların vergi uçotunda əsas vəsaitlər kimi əks etdirilmədiyi və əmlak vergisinə cəlb edilmədiyi müəyyən edilmişdir. Audit nəticələrinə əsasən, əmlak vergisinə cəlb edilməmənin səbəbləri bir qayda olaraq daşınmaz əmlakların istismara buraxılış sənədləşməsində olan yubanmalarla əlaqədardır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, növbəti ilin büdcə daxilolmalarında fərqli məqamlardan biri də dividendlərlə bağlıdır: "Prezidentin fərmanı ilə yeni qəbul edilmiş qaydaların yaratdığı dividend ödənişi öhdəliyi hesabına dövlət müəssisələrindən əldə edilən dividendlər cari illə müqayisədə əhəmiyyətli artımla proqnozlaşdırılıb. İzahata əsasən, sözügedən Fərmanın tətbiqi çərçivəsində 2027-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə 434 milyon manat, "Azərbaycan Beynəlxalq Bankı" ASC üzrə 175 milyon manat dividend daxilolması proqnozlaşdırılır. Bununla yanaşı, ilk dəfə dividend ödəməsi nəzərdə tutulan digər müəssisələrdən dövlət büdcəsinə 263 milyon manat daxilolma gözlənilir. Biz bunu çox müsbət addım kimi qiymətləndiririk. Eyni zamanda, qanun layihəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin məbləği 872 milyon manat göstərilib, bu məbləğin 10,3 milyon manatı səhmlərində dövlətin payı olan müəssisələr üzrə deyil, publik hüquqi şəxslər üzrə proqnozlaşdırılıb".
"2027-ci ilin dövlət büdcəsi layihəsində büdcə təşkilatlarının iş və xidmətlər göstərməsi, məhsul satışı və digər fəaliyyətlərindən əldə etdikləri büdcədənkənar gəlirləri 949 milyon manat nəzərdə tutulub. Növbəti ildə büdcədənkənar gəlirlərin dövlət büdcəsi gəlirlərindəki payının cari illə müqayisədə 0,2 faiz bəndi azalaraq 2,4 % təşkil edəcəyi proqnozlaşdırılır. Büdcədənkənar gəlirlər, əvvəlki illərdə olduğu kimi, 2027-ci ildə də 9 mədaxil mənbəyini əhatə edib, bu mənbələrdən 2-si istisna olmaqla, digərləri üzrə azalma proqnozlaşdırılıb. Bir məqamı da qeyd edim ki, qanun layihəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 652 milyon manat göstərilib, lakin bu məbləğin 315,8 milyon manatı ödənişli xidmətlər üzrə deyil, inzibati cərimələr üzrə proqnozlaşdırılmışdır. Hesab edirik ki, qanun layihəsində gəlirlərlə bağlı qeyd etdiyim məqamlar büdcə müzakirələri zamanı müvafiq maddələrə redaktə dəyişiklikləri edilməklə aradan qaldırıla bilər", - deyə V.Gülməmmədov əlavə edib.
Mənbə: report.az