2027-ci ildə Azərbaycanda funksional təsnifatın əksər bölmələri üzrə dövlət büdcəsinin xərcləri artımla proqnozlaşdırılıb, iqtisadi fəaliyyət üzrə xərclərin dövlət büdcəsində ən yüksək paya malik olacağı nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Bu artım həm iqtisadi dəstək tədbirlərinin maliyyə təminatının yüksəldilməsi, həm də məqsədli büdcə fondlarının ləğvi ilə əlaqədar olaraq, uçot dəyişiklikləri ilə bağlıdır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, büdcədəki hər iki ehtiyat fondu üzrə vəsaitlərin həcmi qanunvericiliklə müəyyən edilmiş hədd çərçivəsində proqnozlaşdırılıb, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin uçotunda dəyişikliklər aparılıb, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait investisiya xərclərində, xaricdən cəlb edilən kreditlər hesabına layihələr üzrə nəzərdə tutulan vəsait isə dövlət büdcəsi xərclərində ayrı inzibati istiqamət kimi proqnozlaşdırılıb, bloklanmış xərclər artımla proqnozlaşdırılıb, təhlillər bu xərc istiqamətlərindən bəziləri üzrə bölgünün əvvəlcədən aparılmasının mümkünlüyünü göstərib: "Gələn il büdcədənkənar xərclər azalma ilə proqnozlaşdırılıb, təhlillər xərclərin böyük qisminin qanunvericiliyə uyğun olaraq əməyin ödənişinə yönəldiləyəcəyini deməyə əsas verib. 2027-ci ildə dövlət büdcəsi xərclərinin inzibati təsnifatı üzrə 30 istiqamətdə 1 milyard 328,7 milyon manat ayrıca sətirlə subsidiya ayrılması proqnozlaşdırılıb. Ötən ildən başlayaraq, subsidiyanın uçotu üzrə fərqli yanaşma tətbiq edilərək, bəzi hallarda müvafiq xərclər subsidiya sətri ilə deyil, iqtisadi təsnifatın mümkün digər sətirlərində əks olunur. Tətbiqi davam edən bu yanaşmanın mümkün təsirləri barədə rəylərimizdə qeyd etmişik".
"Subsidiya məbləğlərinin planlaşdırılması sənədlərinin tərtibatında vahid yanaşma mövcud olmalıdır. Əvvəlki rəylərimizdə olduğu kimi, bu rəyin də tərtibi prosesində hesabatlılıqda aşkarladığımız uyğunsuzluqlarla bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etmişik. Uyğunsuzluqların bir qismi üzrə isə hesab edirik ki, xüsusən də qanun layihəsinə təsir edən hallar büdcə müzakirələri zamanı müvafiq köməkçi bölmələrin məbləğinə düzəlişlər edilməklə aradan qaldırıla bilər", - deyə V.Gülməmmədov əlavə edib.
Mənbə: report.az