Uzun sürən quraqlıqdan sonra hava tətbiqində yağış buludu işarəsinin görünməsi insanlarda müxtəlif suallar yaradır. Evdən çıxarkən çətir götürüb-götürməməyə qərar vermək üçün əksəriyyət smartfondakı hava proqnozuna baxır. Ancaq “70 faiz yağış ehtimalı” ifadəsinin mənasını çoxları düzgün anlamır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi insanlar bu göstəricini günün 70 faizi ərzində yağış yağacağı kimi qəbul edirlər, digərləri isə yağıntının şəhər ərazisinin 70 faizini əhatə edəcəyini düşünürlər.
Meteoroloqlar hər iki izahın səhv olduğunu bildirirlər. Böyük Britaniya Meteorologiya Xidmətinin nümayəndəsi Qrem Medcin sözlərinə görə, faiz göstəricisi ansambl proqnozlaşdırması adlanan mürəkkəb kompüter hesablamaları nəticəsində müəyyənləşdirilir.
Meteoroloqlar dünyanın müxtəlif bölgələrindəki peyklərdən, meteoroloji stansiyalardan və okean buylarından böyük həcmdə məlumat toplayırlar. Daha sonra proqnoz modeli ilkin göstəricilərdə kiçik dəyişikliklər edilməklə dəfələrlə işə salınır.
Məsələn, model 10 dəfə işə salınır və nəticələrin 7-si müəyyən ərazidə yağış yağacağını göstərirsə, tətbiqdə 70 faiz ehtimal qeyd olunur. Bu, göstərilən vaxt ərzində məhz sizin yerləşdiyiniz ərazidə ölçülə biləcək miqdarda yağıntının düşməsi ehtimalının 70 faiz olması deməkdir.
Bu rəqəm yağışın nə qədər davam edəcəyini, hansı ərazini əhatə edəcəyini və nə dərəcədə güclü olacağını göstərmir. Buna görə 80 faiz ehtimal zamanı yalnız bir neçə damcı yağış düşə bilər. Eyni zamanda 20 faiz ehtimal göstərildiyi halda, istiqamətini dəyişən fırtına buludu güclü leysan gətirə bilir.
Meteoroloqlar hava hadisələrinin tam dəqiqliklə proqnozlaşdırılmasının çətin olduğunu vurğulayırlar. Təbiətdə baş verən ani dəyişikliklər kompüter modellərinin əvvəlcədən hesablamadığı nəticələr yarada bilər. Buna görə bəzi hava xidmətlərində ehtimal göstəriciləri əsasən 5-95 faiz arasında dəyişir.
Ekspertlər tətbiqdəki bir yağış işarəsinə görə bütün planları ləğv etməməyi məsləhət görürlər. Ümumi gündəlik göstərici ilə yanaşı, saatlıq proqnoza, yağışın gözlənilən müddətinə və intensivliyinə də baxmaq lazımdır.
Bəzən günün böyük hissəsi gəzinti üçün əlverişli olur və sadəcə çətir və ya yağış plaşı götürmək kifayət edir.
Hava proqnozu yağış hava tətbiqiMənbə: lent.az