IMG-LOGO

Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib

11 Nov 2026 02:41 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Əbu-Dabidəki danışıqlarda Rusiya nümayəndə heyəti Rusiya qoşunlarının Kiyevin nəzarətində qalan Donbas ərazisinin yarısını artıq öz nəzarətinə götürdüyünü iddia edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində danışıqların yekunlarını şərh edərkən bildirib.

Zelenskinin sözlərinə görə, müvafiq məlumatı ona Əbu-Dabidəki görüşlərdən sonra Ukraynanın danışıqlar komandası çatdırıb.

"Əbu-Dabidəki görüşlərindən sonra danışıqlar komandamızdan ikinci hesabatı aldıqda mənə bildiriblər ki, Rusiya tərəfi guya Ukraynanın nəzarətində qalan Donbas ərazisinin yarısını artıq öz nəzarətinə götürdüyünü hesab edir. Rusiya hərbçiləri və kəşfiyyat nümayəndələri bu barədə tamamilə ciddi şəkildə danışıblar", - o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti qeyd olunan ərazilər üzərində nəzarətin qorunub saxlanmasını sübut edən videoyazılara, fotoşəkillərə və digər dəlillərə istinad edərək bu iddiaları rədd edib.

"Problem də elə bundadır. Putin başqa reallıqda yaşayır. Əlbəttə, o, amerikalılara Ukraynanın şərqini tamamilə nəzarətə götürmək üçün ona bir-iki ay lazım olacağını danışacaq", - Ukrayna Prezidenti deyib.

Bununla yanaşı, Zelenski vurğulayıb ki, ABŞ tərəfi döyüş meydanındakı vəziyyətlə bağlı Ukraynanın qiymətləndirməsini təsdiqləyib.

Onun fikrincə, mövcud fikir ayrılıqları danışıqların birbaşa dövlət liderləri səviyyəsində aparılmasının zəruriliyindən xəbər verir.

Zelenski müzakirə tələb edən məsələlərdən biri kimi Xerson və Dneprin əks sahillərindəki ərazilər ətrafındakı vəziyyəti qeyd edib.

"Rusiya tərəfi bir sahilə, Ukrayna isə digərinə nəzarət edir. Lakin insanlar hər iki sahildə birlikdə yaşamaq istəyirlər. Bu, Ukrayna şəhəridir. Belə məsələlər həssasdır, lakin biz onlar haqqında danışmalıyıq", - o qeyd edib.

Ukrayna lideri həmçinin bildirib ki, noyabrın 11-də danışıqlar komandaları ali səviyyədə görüşün təşkili imkanını müzakirə edə bilərlər.

"Rusiyanın hazır olduğuna əmin deyiləm, lakin biz bu mövzunu qaldıracağıq", - Zelenski əlavə edib.

Mənbə: report.az

Xəbər lenti