Dünya əhalisinin təxminən 2 faizində rast gəlinən qızılı saçlarla əlaqəli genetik xüsusiyyət alimlərin diqqətini çəkməyə davam edir. Mütəxəssislər bu xüsusiyyəti müəyyən mənada təbiətin verdiyi supergüc adlandırsalar da, onun ciddi mənfi tərəfinin olduğunu bildirirlər.
Lent.az xəbər verir ki, həkim Staşa Qomina qızılı saçlı insanların genetik xüsusiyyətlərini izah edərkən bunun əsasən melanin istehsalı və dərinin Günəş şüalarına reaksiyası ilə bağlı olduğunu bildirib.
Qırmızı saç rəngi əsasən MC1R geninin müəyyən variantları ilə əlaqələndirilir. Bu insanlarda dəriyə və saçlara rəng verən melaninin tərkibi digər insanlardan fərqlənir. Nəticədə onların dərisi adətən daha açıq olur, çillər daha çox müşahidə edilir və Günəş şüalarına qarşı həssaslıq artır.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyət Günəş işığının az olduğu şimal bölgələrində yaşayan insanların təkamülü zamanı müəyyən üstünlüklər yaratmış ola bilər. Açıq rəngli dəri zəif Günəş işığında orqanizmin D vitamini istehsalını daha effektiv həyata keçirməsinə kömək edir.
Məhz buna görə qırmızı saçlı və açıq dərili insanların az Günəşli iqlim şəraitində müəyyən bioloji üstünlüyə malik ola biləcəyi bildirilir.
Lakin eyni xüsusiyyət isti və Günəşli bölgələrdə problemə çevrilə bilər. Dərinin ultrabənövşəyi şüalara qarşı təbii müdafiəsi daha zəif olduğundan qırmızı saçlı insanlar Günəş yanığına daha tez məruz qala bilirlər.
Bu səbəbdən onların uzun müddət birbaşa Günəş altında qalarkən daha diqqətli olması, yüksək qoruyucu faktorlu kremlərdən istifadə etməsi tövsiyə edilir.
Beləliklə, mütəxəssislərin təbii supergüc adlandırdığı bu genetik xüsusiyyət bir tərəfdən zəif Günəş işığına uyğunlaşma üstünlüyü versə də, digər tərəfdən güclü ultrabənövşəyi şüalanmaya qarşı həssaslığı artırır.
qızılı saç Günəş saç rəngi ulturabənövşəyi şüaMənbə: lent.az