IMG-LOGO

Minlərlə insan bir neçə saatda öldü: Zamanın dayandığı şəhər -FOTOLENT

17 Aug 2026 11:06 3 baxış
IMG
1 0

İtaliyada yerləşən qədim Pompey şəhəri təxminən iki min il əvvəl baş verən dəhşətli vulkan fəlakətinin izlərini bu gün də qoruyub saxlayır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində şəhərdə həyat bir neçə saat ərzində dayanıb, minlərlə insan həlak olub.

Uzun müddət sakit qalan Vezuvi qəfil püskürərək səmaya kül və daş parçaları sovurub. Ardınca yüksək temperaturlu qaz, kül və qayalardan ibarət ölümcül axın Pompeyə çatıb. Qaçmağa çalışan sakinlərin çoxu dözülməz istilik, zəhərli qazlar və sıx kül buludları səbəbindən həyatını itirib.

Şəhərin üzəri metrlərlə qalınlıqda vulkanik çöküntü ilə örtülüb. Pompey yüzillər boyu kül altında qaldığı üçün binalar, küçələr və gündəlik həyata aid çoxsaylı əşyalar dövrümüzə qədər qorunub.

Pompeydə insanların daşa çevrildiyi barədə geniş yayılmış fikir isə həqiqəti əks etdirmir. Vulkanik kül həlak olan şəxslərin bədənlərini örtüb, yumşaq toxumalar zamanla yox olduqdan sonra onların yerində boşluqlar qalıb. Arxeoloqlar həmin boşluqlara gips tökərək insanların son anlarını əks etdirən qəliblər hazırlayıblar. Qəliblər arasında övladına sarılan, qaçmağa çalışan və özünü qorumağa çalışan insanların təsvirləri də var.

Şəhərdə aparılan qazıntılar zamanı evlər, hamamlar, dükanlar, çörəkxanalar, divar yazıları və seçki şüarları aşkarlanıb. Hətta bəzi sobalarda bişirilməyə hazır çörəklərin qalıqları tapılıb. Bu tapıntılar fəlakətin adi gündəlik həyatı necə qəfil yarımçıq qoyduğunu göstərir.

Hazırda dünyanın ən təsirli arxeoloji məkanlarından biri sayılan Pompeydə qazıntılar davam etdirilir. Yeni fresk və yaşayış sahələrinin aşkarlanması iki min il əvvəl Antik Romada insanların necə yaşadıqlarını daha ətraflı öyrənməyə imkan verir.

 

Pompey Vezuvi vulkanı İtaliya vulkan püskürməsi qədim şəhər arxeologiya Antik Roma təbii fəlakət turizm tarixi məkanlar

Mənbə: lent.az

Xəbər lenti