1984-cü ilin avqustunda ABŞ-də ekranlara çıxan “Red Dawn” (“Qırmızı şəfəq”) filmi kino tarixində maraqlı bir ilkə imza atıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Patrik Sueyzinin baş rolda çəkildiyi ekran işi ABŞ-də PG-13 yaş reytinqi ilə kinoteatrlarda nümayiş olunan ilk film olub.
PG-13 kateqoriyası azyaşlı uşaqlar üçün uyğun hesab edilməyən bəzi səhnələrin yer aldığı filmlərlə bağlı mübahisələrdən sonra yaradılıb. Yeni reytinq PG və R kateqoriyaları arasında aralıq pillə kimi nəzərdə tutulub. Bu işarə 13 yaşdan kiçik uşaqlar üçün filmdə uyğun olmayan məqamların ola biləcəyi barədə valideynlərə xəbərdarlıq edirdi.
Con Miliusun çəkdiyi “Red Dawn” filmində hadisələr Koloradoda yerləşən kiçik şəhərə Sovet qoşunlarının xəyali hücumu ətrafında cərəyan edir. Patrik Sueyzinin canlandırdığı Ced Ekert və bir qrup məktəbli işğalçılara qarşı müqavimət göstərməyə başlayır.
Filmdə Sueyzi ilə yanaşı, Çarli Şin, Cennifer Qrey, Li Tompson və Tomas Hauell kimi aktyorlar da rol alıblar.
“Red Dawn” kommersiya baxımından da uğur qazanıb. Film ABŞ prokatına 8,2 milyon dollardan çox gəlirlə başlayaraq ilk həftəsində birinci yerə yüksəlib. Ümumilikdə isə ABŞ-də təxminən 38,4 milyon dollar gəlir əldə edib.
İllər keçdikcə ekran əsəri Soyuq müharibə dövrünün diqqətçəkən filmlərindən birinə çevrilib. 2024-cü ildə Competitive Enterprise Institute onu 1980-ci illərin ən yaxşı müharibə filmi adlandırıb.
film kinoMənbə: lent.az