IMG-LOGO

Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul – SİYAHI

14 Aug 2026 11:21 2 baxış
IMG
0 0

Düşünürsünüz ki, bitkoin tarixin ən qəribə valyutasıdır? Yanılırsınız. Bəşəriyyət pul vahidləri yaranmazdan əvvəl duz, istiot, kakao paxlası, çay və hətta dəniz qabıqları ilə alış-veriş edib. Bu məhsullarla maaş və vergilər ödənilib, mülk və heyvanlar alınıb, sərvətlər toplanıb.

Lent.az xarici mediaya istinadən bir zamanlar pul əvəzi işlədilən və qızıl qədər qiymətli sayılan beş məhsulu təqdim edir.

Duz – həyat qədər qiymətli “ağ qızıl”

Soyuducuların olmadığı dövrdə duz ərzağın uzun müddət saxlanması üçün əsas vasitələrdən biri olub. Buna görə ona sahib olmaq yalnız mətbəx ehtiyacını ödəmək deyil, həm də həyatda qalmaq demək idi.

Duz yataqlarının olmadığı Afrika bölgələrində bu məhsul son dərəcə baha qiymətləndirilib. Efiopiyada “amole” adlandırılan standart duz külçələri əsrlər boyu ödəniş vasitəsi kimi işlədilib. Onlarla məhsul alınıb, borc və vergilər ödənilib. Duz külçələri XX əsrin əvvəllərinədək dövriyyədə qalıb. 1903-cü ildə Efiopiyada dövlət gəlirlərinin təxminən 27 faizinin duz külçələri ilə toplandığı bildirilir.

İstiot – Orta əsrlərin “qara qızılı”

Bu gün hər mətbəxdə olan qara istiot Orta əsrlər Avropasında zənginlik rəmzi sayılıb. Hindistandan gətirildiyi və uzun ticarət yollarından keçdiyi üçün onun qiyməti çox yüksək olub.

İstiotla icarə haqqı, vergi, borc və cehiz ödənilib. Varlı tacirlərə “istiot kisələri” deyilməsi də buradan yaranıb. Roma şəhərini mühasirəyə alan vestqot hökmdarı Alarixin tələb etdiyi təzminatın içərisində üç min funt istiotun olduğu bildirilir. İngilis dilində simvolik məbləğ mənasını verən “peppercorn rent” ifadəsi də həmin dövrün izidir.

Kakao paxlası – asteklərin şokolad pulu

Mezoamerikada kakao yalnız içki hazırlamaq üçün istifadə edilməyib. Asteklər və digər yerli xalqlar kakao paxlalarını pul kimi qəbul ediblər.

XVI əsrə aid mənbələrə görə, bir kakao paxlasına tamale almaq mümkün olub. Yüz paxla isə yaxşı bir hinduşkanın qiymətinə bərabər sayılıb. Paxlalar kiçik, daşınması asan və hamı tərəfindən tələb olunan məhsul olduğu üçün bazarlarda rahatlıqla qəbul edilib. Kakao o qədər qiymətli olub ki, içərisi boşaldılmış qabıqlara torpaq doldurularaq saxta “pul” hazırlanması hallarına da rast gəlinib.

Çay – vergi və maaş ödənilən kərpiclər

Çin, Tibet, Monqolustan və Sibirdə preslənmiş çay kərpicləri uzun müddət valyuta rolunu oynayıb. Onlarla işçilərin maaşı və vergilər ödənilib, atlar alınaraq xəzlə dəyişdirilib.

Çay kərpiclərinin qiyməti keyfiyyətindən və Çindən hansı məsafəyə aparılmasından asılı olub. Bəzi kərpiclərin üzərində xüsusi xətlər yerləşdirilib. İnsanlar həmin hissələri qıraraq xırda ödənişlərdə istifadə ediblər. Pul kimi xərclənmədikdə isə çayı dəmləyib içmək mümkün olub.

Kauri qabıqları – minilliklərin valyutası

Hind okeanından çıxarılan kauri qabıqları Çin, Hindistan, Afrika və Cənub-Şərqi Asiyada geniş yayılıb. Kiçik, davamlı və asan daşınan bu qabıqları saxtalaşdırmaq çətin olub.

Qərbi Afrikada kaurilərlə məhsullar alınıb, vergilər ödənilib və iri ticarət əməliyyatları aparılıb. XIX əsrin ikinci yarısında bir toyuğun təxminən 100 kauriyə satıldığına dair qeydlər mövcuddur. Qabığın tarixi təsiri bu gün də yaşayır: Qananın “sedi” valyutasının adı kauri qabığının yerli adından götürülüb.

pul valyuta duz istiot kakao çay kauri qabıqları tarixi faktlar maraqlı məlumatlar qızıl qədim ticarət qeyri-adi valyutalar

Mənbə: lent.az

Xəbər lenti