IMG-LOGO

Azərbaycanlı bacılar 100 il sonra qohumlarını tapdı: Film kimi OLAY - VİDEO

12 Aug 2026 20:15 4 baxış
IMG
10 0

Sovet dövründə yolları ayrılan iki qardaşın nəvələri təxminən 100 il sonra Türkiyənin Qars şəhərində bir araya gəliblər.

Lent.az xəbər verir ki, Azərbaycandan Qarsa gedən Şərqiyə və Nüşabə Məmmədova bacıları Akyaka rayonunun Dəmirkənd kəndində yaşayan qohumları tərəfindən təmtəraqla qarşılanıblar.

Ailənin hekayəsi 1924-cü ilə gedib çıxır. Həmin dövrdə iki qardaşın ayrı düşməsi nəticəsində ailənin bir qolu Azərbaycanda, digəri isə Türkiyədə yaşamağa davam edib. İllər keçsə də, qohumluq əlaqələri tamamilə itməyib.

Bakı-Qars birbaşa aviareyslərinin başlamasından sonra bacılar illərdir görmədikləri qohumlarını ziyarət etmək qərarına gəliblər. Dəmirkənddə keçirilən görüşdə ailə üzvləri qucaqlaşıb, eyni süfrə arxasında əyləşib, saz çalıb, mahnılar oxuyublar.

Şərqiyə Məmmədova atasının təxminən 15 il əvvəl Qarsa gələrək qohumları ilə görüşdüyünü bildirib: “Mən sanki öz vətənimə gəlmişəm. İnsanlar eynidir, həyat eynidir. Çox sevincliyəm”.

Nüşabə Məmmədova isə ailəsinin Türkiyədə qalan yaxınlarına həsrətinin nəsildən-nəslə ötürüldüyünü deyib: “Anam televizorda Türkiyəyə baxıb ağlayırdı. Çünki anası, bacısı və qardaşları burada qalmışdı. Bu, mənə çox təsir edirdi. Atamın ruhu şaddır, onun qohumlarını ziyarət etdim”.

Türkiyədə yaşayan qohumları Aşkın Çiftçi də Bakı-Qars reyslərinin onlar üçün sadəcə nəqliyyat vasitəsi olmadığını bildirib: “Bakı-Qars uçuşlarının başlaması ilə 100 illik həsrət sona çatdı. Nəhayət, qohumlarımıza qovuşduq”.

Beləliklə, bir əsr əvvəl sərhədlərin ayırdığı ailənin yeni nəsli yenidən eyni süfrə arxasında bir araya gəlib.

Qeyd edək ki, AZAL iyulun 30-da Qars şəhərinə birbaşa uçuşlara başladığını açıqlayıb.

Azərbaycan Türkiyə Qars bacılar qohum sosial xəbərlər

Mənbə: lent.az

Xəbər lenti