IMG-LOGO

Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul

12 Aug 2026 10:59 2 baxış
IMG
2 0

Yay aylarında şəhərlərdə binaların damları ən çox qızan səthlərdən birinə çevrilir. Onlar saatlarla günəş şüalarını udur, daha sonra isə topladıqları istiliyi ətraf mühitə yayırlar. Nyu-Yorkda aparılan təcrübə isə bu problemin olduqca sadə üsulla azaldıla biləcəyini göstərib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda tünd rəngli damların ağ, günəş şüalarını əks etdirən boya ilə örtülməsinin temperaturu əhəmiyyətli dərəcədə aşağı sala bildiyi müəyyən edilib. Təcrübə 2011-ci ildə həyata keçirilib. Bahalı və mürəkkəb texnologiyaların quraşdırılması əvəzinə könüllülər bəzi binaların tünd rəngli damlarını günəş şüalarını əks etdirən ağ örtüklə boyayıblar. Məqsəd təkcə rəng dəyişikliyinin binaların qızmasına nə qədər təsir göstərə biləcəyini öyrənmək olub.

Kolumbiya İqlim Məktəbinin məlumatlarına əsasən, nəticələr ciddi temperatur fərqini ortaya çıxarıb. İsti yay günlərinin birində adi qara damın səthində temperatur təxminən 77 dərəcəyə çatıb. Yaxınlıqdakı ağ, işığı əks etdirən örtüklə boyanmış damda isə temperatur təxminən 53 dərəcə olub. Yay ərzində aparılan ölçmələr zamanı ağ damların maksimal səth temperaturunun qara damlarla müqayisədə orta hesabla 24 dərəcə aşağı olduğu müəyyən edilib.

Ağ damlar niyə daha az qızır?

Kolumbiya Universiteti və NASA-nın Qoddard Kosmik Tədqiqatlar İnstitutunun alimləri Nyu-Yorkdakı müxtəlif damlara sensorlar yerləşdirərək onların temperaturunu bir neçə il ərzində izləyiblər. Adi tünd rəngli damlar üzərinə düşən günəş şüalarının böyük hissəsini udaraq onu istiliyə çevirir. Nəticədə həm damın səthi, həm bina, həm də ətrafdakı hava daha çox qızır.

Ağ damlar isə daha yüksək işıq əks etdirmə qabiliyyətinə malikdir. Başqa sözlə, günəş radiasiyasının daha böyük hissəsini geri qaytarır və daha az istilik udur. Nəticədə həm dam, həm də onun altındakı bina daha sərin qalır. Bu xüsusiyyət şəhərlər üçün xüsusilə əhəmiyyətlidir. Damlar, asfalt yollar və səkilər gün ərzində böyük miqdarda istilik toplayır, günəş batdıqdan sonra isə onu tədricən havaya buraxır. Bu proses “şəhər istilik adası” effektinin yaranmasına səbəb olur. Nəticədə şəhərlərdə temperatur ətraf kənd və ya yaşıllıq ərazilərlə müqayisədə daha yüksək qala bilir.

Kondisioner xərclərini də azalda bilər

Damların daha az qızması yalnız onların səth temperaturuna təsir etmir. Daha az istilik binanın daxilinə keçdiyindən isti havalarda kondisionerdən istifadə ehtiyacı da azala bilər. Bu isə elektrik enerjisinə qənaət etməyə və soyutma xərclərini azaltmağa imkan verir. Bundan başqa, daha sərin dam örtüklərinin istismar müddətinin daha uzun ola biləcəyi bildirilir. Çünki materiallar davamlı qızma və soyuma nəticəsində yaranan temperatur gərginliyinə daha az məruz qalır. Tək bir ağ dam bütöv şəhərin temperaturunu nəzərəçarpacaq dərəcədə dəyişə bilməz. Lakin minlərlə binada bu üsuldan istifadə edilməsi ayrı-ayrı rayonlarda istiliyin azalmasına və soyutma üçün enerji tələbatının aşağı düşməsinə kömək edə bilər.

Nyu-Yorkun “NYC CoolRoofs” proqramı bu üsulun nisbətən az xərc tələb etdiyini də göstərib. Könüllülər məktəblərin, yaşayış və kommersiya binalarının mövcud damlarını dəyişdirmədən onların üzərinə işığı əks etdirən örtük çəkiblər.

Ağ dam hər yerdə eyni nəticəni vermir

Tədqiqatçılar bildirirlər ki, damları ağ rəngə boyamaq bütün iqlimlər üçün universal həll deyil. Bu üsul daha çox isti iqlimə malik və kondisionerdən geniş istifadə edilən ərazilərdə faydalıdır. Soyuq bölgələrdə isə günəş şüalarını əks etdirən damlar qışda binanın günəşdən əldə etdiyi təbii istiliyi müəyyən qədər azalda bilər. Bununla belə, araşdırmalar bir çox bina üçün yayda soyutmaya edilən qənaətin qışdakı mümkün itkini üstələyə bildiyini göstərir.

Alimlər ağ damları şəhərlərin yaşıllaşdırılması, yaşıl damlar və günəş panelləri kimi digər üsullarla da müqayisə ediblər. Yaşıl damlar yağış suyunun idarə olunmasına və biomüxtəlifliyə kömək edir, ağaclar kölgə yaradır və havanın keyfiyyətinə müsbət təsir göstərir. Ağ dam örtükləri isə mövcud tikililərdə böyük dəyişiklik tələb etməyən ən əlçatan üsullardan biri hesab olunur.

Mütəxəssislərin fikrincə, ağ damlardan ən böyük faydanı onları digər istiliklə mübarizə tədbirləri ilə birlikdə geniş miqyasda tətbiq etməklə əldə etmək mümkündür. Nyu-Yorkda aparılan təcrübə göstərib ki, bəzən şəhər istiliyinə qarşı mübarizədə mürəkkəb texnologiyalara ehtiyac olmaya bilər. Sadə ağ boya damın səth temperaturunu təxminən 24 dərəcə aşağı sala və binanın daha az qızmasına kömək edə bilər.

Maraq Nyu-York ağ dam isti hava yay istisi

Mənbə: lent.az

Xəbər lenti