Tokioya gəlirsiniz, küçələr tərtəmizdir, amma zibil atmaq üçün demək olar ki, heç bir zibil qutusu tapa bilmirsiniz. Oniqiri yeyirsiniz, kağızı əlinizdə qalır. Avtomatdan qəhvə alırsınız, boş banka çantanıza gedir.
Yerli sakinlər zibillərini sakitcə evə qədər aparırlar. Turistlər isə çox vaxt təəccüblənirlər: "Bəs bunu hara atım?" Lent.az xarici mediaya istinadən xəbər verir ki, xarici turistlərin təxminən 22 faizi Yaponiyada küçə zibil qutularının az olmasını ölkədə qarşılaşdıqları əsas çətinliklərdən biri hesab edir. Lakin bu təsadüf deyil, uzun illər formalaşmış bir sistemdir.
1995-ci il terroru küçələrdən zibil qutularını yox etdi
1995-ci ilə qədər Yaponiyada küçələrdə daha çox zibil qutusu var idi. Martın 20-də "Aum Şinrikyo" dini sektasının üzvləri Tokio metrosunda zarin qazı ilə terror aktı törətdilər. Hadisə nəticəsində 13 nəfər öldü, minlərlə insan zəhərləndi.
Bu hadisədən sonra hökumət təhlükəsizlik məqsədilə ictimai yerlərdəki zibil qutularının böyük hissəsini yığışdırdı. Məqsəd terrorçuların partlayıcı və ya zəhərli maddələri gizlətməsi üçün mümkün yerləri aradan qaldırmaq idi.
Hazırda qalan azsaylı zibil qutuları əsasən vağzallarda və iri ticarət mərkəzlərində yerləşir. Onların əksəriyyəti şəffaf materialdan hazırlanır ki, içərisində şübhəli əşya olub-olmadığını hər kəs görə bilsin.
Küçədə yemək yemək yaxşı qarşılanmır
Yaponiyada küçədə gəzə-gəzə yemək yemək adi davranış hesab edilmir. İnsanlar mağazadan aldıqları yeməyi adətən evə və ya iş yerinə aparır, orada yeyir və qablaşdırmanı da həmin yerdə tullayırlar.
İctimai nəqliyyatda yemək yemək, skamyada qəhvə içmək və ya küçədə gəzərək qəlyanaltı etmək əksər hallarda etik davranış sayılmır. Məhz buna görə küçələrdə tullantı da az yaranır.
Təmizlik məktəbdən başlayır
Yaponiyada təmizliyin əsas sirri zibil qutularının olmaması deyil, insanların düşüncə tərzidir.
Birinci sinifdən etibarən məktəblilər hər gün sinif otaqlarını, dəhlizləri və hətta tualetləri özləri təmizləyirlər. Bu ənənə "o-sodzi" adlanır.
Burada təmizlik cəza deyil, gündəlik həyatın ayrılmaz hissəsi kimi qəbul edilir.
Təmizliyin əsasında duran üç dəyər
Yapon cəmiyyətində küçələri təmiz saxlayan üç əsas anlayış var.
Birincisi "meyvaku" anlayışıdır. Bu, başqalarına narahatlıq yaratmamaq deməkdir. Yerə atılmış siqaret kötüyü və ya boş banka ətrafdakılara hörmətsizlik hesab olunur. İkincisi "hadzi", yəni utanc hissidir. İnsan başqalarının qınağına səbəb olacaq hərəkətlərdən çəkinir. Küçəyə zibil atmaq utancverici davranış sayılır.
Üçüncüsü isə "mottainai" anlayışıdır. Bu, israfçılığa heyfsilənmək və resurslara hörmətlə yanaşmaq mənasını verir. Tullantılar sadəcə zibil deyil, təkrar emal oluna biləcək qiymətli resurs hesab edilir.
Bu prinsiplər yaponların gündəlik həyatına o qədər dərindən yerləşib ki, insanlar küçəyə zibil atmırlar, çünki cərimədən qorxurlar yox, bunu düzgün hesab etmirlər.
Turistlər zibillərini hara atırlar?
Yaponiyada turistlərə də yerli sakinlər kimi kiçik zibil paketi gəzdirmək tövsiyə olunur.
Zibil qutularını əsasən böyük ticarət mərkəzlərində, bəzi dəmiryolu vağzallarında və əyləncə parklarında tapmaq mümkündür. Əks halda tullantılar otelə və ya qalınan mənzilə qədər daşınır.
küçələrində zibil qutuları olmayan ölkəMənbə: lent.az