Sovet dövrünə aid ədəbiyyatlarda Albaniya və Atropatena dövlətlərinin eyni zamanda meydana gəldiyi irəli sürülüb, lakin bu fikir həqiqəti əks etdirmir.
Lent.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşəbbüsü ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminar zamanı deyib.
O bildirib ki, eramızdan əvvəl 7-ci əsrdən 1-ci əsrə qədər və bundan sonra albanlar müəyyən səbəblərdən Atropatenanın tərkibindən ayrılaraq müstəqilliyə nail olublar.
Albaniyanın Atropatenanın törəməsi olduğunu vurğulayan Həsən Həsənovun sözlərinə görə, Alban sözünün özü türk mənşəlidir, mənası “qəhrəman” deməkdir.
Tarixçi alim görkəmli memar və tarixçi Davud Axundovun bütün alban məbədlərini tədqiq etdiyini diqqətə çatdırıb: “Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Təəssüf ki, ermənilər tərəfindən alban məbədlərinin saxtalaşdırılması halları çoxdur”.
Həsən Həsənov vurğulayıb ki, azərbaycanlıların tarixi ermənilərin tarixindən daha əsaslıdır: “Bizdə olan mənbələr ermənilərdə yoxdur. Ermənilər özlərindən tarix düzəldib, özlərini də, dünyanı da buna inandırıblar. Bizim isə tariximiz və mənbələrimiz var. Amma nə özümüzü, nə də dünyanı inandıra bilirik”.
alban məbədləri


Mənbə: lent.az