Alban irsi yalnız yazılı mənbələrlə deyil, çoxsaylı arxeoloji və memarlıq abidələri ilə də təsdiqlənir.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Qafqaz Albaniyasının xristian irsinin müəyyənləşdirilməsində əsas elmi meyarlar
Səbinə Hacıyeva bildirib ki, Azərbaycan ərazisində tarixən müxtəlif dövlətlər mövcud olub, bu dövlətlər ölkənin zəngin mədəni və memarlıq irsinin formalaşmasında mühüm rol oynayıb: “Onlardan biri də min ildən artıq bir dövr ərzində mövcud olmuş Qafqaz Albaniyasıdır. Qafqaz Albaniyası e.ə. IV əsrdən VIII əsrə qədər Araz çayından şimalda Dərbəndə qədər uzanan geniş bir coğrafiyanı əhatə edib, bu ərazidə zəngin memarlıq nümunələrinin yaranmasına və inkişafına mühüm təsir göstərib. Bu irsin müəyyənləşdirilməsində əsas elmi meyarlar abidələrin tarixi mənbələr, arxeoloji materiallar, epiqrafik nümunələr, memarlıq-planlaşdırma xüsusiyyətləri və onların yerləşdiyi tarixi-mədəni mühitlə kompleks şəkildə araşdırılmasını əhatə edir.
Azərbaycan Respublikasının ərazisi bu tarixi məkanın əhəmiyyətli hissəsini əhatə etdiyindən Qafqaz Albaniyasının mədəni irsinin əsas tədqiqat və mühafizə məkanlarından biridir. Bu baxımdan konkret abidənin Qafqaz Albaniyasının xristian irsinə aidiyyəti müəyyənləşdirilərkən yalnız onun hazırkı dini istifadəsi və ya sonrakı dövrlərdə aldığı ad əsas götürülməməli, abidənin ilkin tikinti mərhələsi, xronologiyası, memarlıq xüsusiyyətləri, kitabələri, arxeoloji materialları və tarixi-mədəni konteksti birlikdə qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, Qafqaz Albaniyasının şəhərləri və dini mərkəzləri barədə Strabon, Böyük Pliniy, Klavdi Ptolemey və digər antik müəlliflərin məlumatları mövcuddur: “Böyük Pliniy Albaniyanın baş şəhəri kimi Kabalakanı (Qəbələ) qeyd edir, Klavdi Ptolemey isə əsərində Albaniyanın şəhərləri və digər yaşayış məntəqələri haqqında məlumat verir. Moisey Kalankatuklunun əsəri də Albaniyanın siyasi, dini və mədəni tarixi, o cümlədən xristianlığın yayılması baxımından mühüm yazılı mənbələrdən biridir. IV əsrdə xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra Albaniyada xristian dini memarlığının inkişafı geniş vüsət aldı. Erkən xristianlıq dövrünə aid tikililərin tədqiqi göstərir ki, Alban dini memarlığında birnefli və üçnefli bazilika tipləri geniş yayılmış, sonrakı mərhələlərdə isə mərkəzi günbəzli və xaçvari-günbəzli kompozisiyalar inkişaf edib”.
Qarabağ və Şərqi Zəngəzurda Qafqaz Albaniyası irsinə xas abidələr
Dövlət Xidmətinin rəisi qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur ərazisi Qafqaz Albaniyasının xristian memarlığı baxımından mühüm tarixi-mədəni regionlardan biridir: “Bu ərazilərdə erkən orta əsrlərdən başlayaraq müxtəlif dövrlərə aid xristian dini tikililəri və monastır kompleksləri formalaşıb. Onların bir qismi sonrakı əsrlərdə genişləndirilib, yenidən qurulub və daha iri dini komplekslərə çevrilib. Bu irsin mühüm nümunələri sırasında Xudavəng, Gəncəsər, Amaras, Ağoğlan, Müqəddəs Yelisey, Urəkvəng və Müqəddəs Yaqub monastırlarını qeyd etmək olar. Xudavəng monastırı Qafqaz Albaniyasının xristian irsinin ən mühüm və zəngin memarlıq komplekslərindən biridir. Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən kompleksin ilkin formalaşması erkən orta əsrlərə aid edilir. Arxeoloji tədqiqatlar monastırın əsasının VI–VII əsrlərdə qoyulduğunu göstərir. Kompleks sonrakı əsrlərdə, xüsusilə XIII əsrdə əhəmiyyətli tikinti və yenidənqurma mərhələlərindən keçib. Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da “bərpa” işləri başlanılıb. “Bərpa” işləri Ermənistan Respublikası və erməni apostol kilsəsinin vəsaiti hesabına 1997-2011-c illər tarixlərində həyata keçirilib. 2014-cü ildən başlayaraq monastırın unikal freskalarının “bərpa”sı da aparılıb. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus olan xaçlar, zənglər və digər elementlər Ermənistan Respublikasına aparılmış, o cümlədən, freskalar da divardan kəsilərək oğurlanmış, sonralar xaricdə “Ermənistanın sənət əsərləri” kimi müxtəlif xarici sərgilərdə nümayiş etdirilmişdir. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılmış freska və xaçdaşlar barədə məlumatlar İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilmişdir. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmləri ehtiva edir”.
Səbinə Hacıyeva vurğulayıb ki, işğal dövründə Gəncəsər monastırında da “bərpa” işləri aparılıb və ərazidə yeni seminariya binası inşa olunub: “Bərpa” işləri qeyri peşəkar və keyfiyyətsiz aparıldığından dam səthindən axan yağıntı suları ilə bağlı problemlər aradan qaldırılmamış və bu məsələ abidənin xarici divarlarında ciddi aşınmalar yaratmışdır. Abidənin mühafizə zonasında aşkarlanmış ən ciddi pozuntu, qərb istiqamətdə tikilmiş binadır. Yeni tikilmiş binanın coğrafi mövqeyi və miqyası abidənin tarixi mühitini və siluetini pozur. Eyni zamanda, abidənin həyətinin şərq hissəsində mövcud olan ikimərtəbəli tikilinin hündürlüyü, tikintisində və təmirində istifadə edilmiş materiallar - üzlük daşları və dam örtüyünün müasir metal üzlükləri məbəd ərazisinin tarixi memarlıq mühitinə və üslubuna uyğun deyil. Bu səbəbdən abidə ətrafında mövcud olan tarixi mühit ciddi şəkildə pozulmuşdur. Həmçinin, Gəncəsər kompleksin xarici divarlarında çoxsaylı Alban patriarxiyası zamanı həkk olunmuş qədim yazılar tarixi əhəmiyyət kəsb edirdi. Bu yazılar da məbədin interyerində olan yazılar kimi, erməni “bərpasına” məruz qalmışdır, XIX əsr və XX əsrin əvvəllərində, 1980-ci illərdə dəfələrlə dəyişdirilmiş, günümüzə çatan bir neçəsi isə 2011-ci ildə yeni üzlük daşları altında qoyulmuşdur. Nəticədə alban mədəni qatı tamamilə itirilib”.
Qafqaz Albaniyasına xas abidələrin memarlığında onları fərqləndirən xüsusiyyətlər
O bildirib ki, Qafqaz Albaniyasının xristian memarlığının əsas xüsusiyyətlərindən biri müxtəlif tikinti dövrlərində formalaşmış memarlıq-planlaşdırma həllərinin yerli inşaat ənənələri ilə birləşməsidir: “Erkən dövrdə birnefli və üçnefli bazilikalar üstünlük təşkil etmişdir. Bu tikililərdə çay daşı və yerli daş materiallarından istifadə, nalşəkilli və yarımqövs tağlar, tağbənd örtükləri və sadə fasad həlli geniş yayılıb. Sonrakı dövrlərdə daha mürəkkəb kompozisiyalar meydana çıxıb. Xüsusilə mərkəzi günbəz, xaçvari-günbəzli plan, künclərdə əlavə həcmlərin yerləşdirilməsi, çoxhissəli monastır komplekslərinin formalaşdırılması və dini tikililərin yaşayış-təsərrüfat binaları ilə vahid ansamblda birləşdirilməsi diqqəti cəlb edir. Bu baxımdan, Qafqaz Albaniyasında dini tikililər ümumxristian memarlıq ənənələrinə uyğun şəkildə inşa edilsə də, onların memarlıq-planlaşdırma xüsusiyyətləri, tikinti nisbətləri və konstruktiv həlləri əsasən həmin ərazilərdə formalaşmış yerli memarlıq ənənələrinin təsirini özündə əks etdirir. Bu xüsusiyyətlər ayrı-ayrı abidələrin memarlığında müxtəlif dini-mədəni ənənələrin izlərinin müşahidə olunmasına imkan verir. Bu baxımdan, islam, xristianlıq və zərdüştiliklə bağlı elementlərin eyni memarlıq mühitində müşahidə edilməsi regionun çoxqatlı tarixi-mədəni inkişafının nəticəsi kimi qiymətləndirilə bilər. Bunun ən parlaq nümunələrindən biri isə Gəncəsər monastır kompleksidir”.
Qafqaz Albaniyasının irsi ilə bağlı Ermənistan ərazisində araşdırmalar aparılmalıdır
O qeyd edib ki, Qafqaz Albaniyasının ərazisi Azərbaycan Respublikasının sərhədlərindən daha geniş coğrafiyanı əhatə edib: “İndiki Ermənistan Respublikasının ərazisinin müəyyən hissəsi də Qafqaz Albaniyasının ərazisinə daxil idi. Həmin ərazilərdə də Qafqaz Albaniyasının tarixi və xristian irsi ilə bağlı maddi-mədəniyyət nümunələri mövcud olub. Lakin Ermənistan Respublikasının ərazisində vaxtilə mövcud olmuş və ya hazırda ciddi şəkildə dəyişdirilmiş konkret abidələrin alban xristian irsinə aidiyyəti məsələsinin hər bir abidə üzrə ayrıca, ilkin tikinti mərhələsi, arxeoloji materiallar, epiqrafik məlumatlar, memarlıq xüsusiyyətləri və tarixi mənbələr əsasında araşdırılması zəruridir. Hazırkı məqamda həmin ərazilərdə yerində arxeoloji və memarlıq tədqiqatlarının aparılması imkanlarının olmaması belə abidələrin siyahısının və onların dəyişdirilmə və ya məhv edilmə tarixlərinin tam və qəti şəkildə müəyyənləşdirilməsini çətinləşdirir.
Gələcəkdə müvafiq elmi və beynəlxalq imkanlar yarandığı təqdirdə arxiv sənədlərinin, köhnə fotoşəkillərin, xəritələrin, elmi nəşrlərin və digər mənbələrin öyrənilməsi, eləcə də yerində arxeoloji və memarlıq tədqiqatlarının aparılması həmin irsin daha dolğun şəkildə müəyyənləşdirilməsinə imkan verə bilər”.
qafqaz albaniyası ermənistanMənbə: lent.az