Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır.
Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarixi küçələr məhz bu dövrdə xüsusilə təsirli görünür.
Lent.az xarici mediaya istinadən Avropada payız rənglərinin ən uzun sürdüyü 10 məkanı təqdim edir.
1. Bavariya Alpları, Almaniya
Yüksək dağlıq ərazilərdə ilk sarı yarpaqlar sentyabrda görünməyə başlayır. Aşağı ərazilərdə isə “qızıl payız” noyabr ayına qədər davam edə bilər.
2. Bled gölü, Sloveniya
Burada parlaq qırmızı və narıncı rənglər oktyabrın sonuna, bəzi hallarda isə noyabrın əvvəlinə qədər qalır.
3. Transilvaniya, Rumıniya
Karpat dağlarının geniş meşə örtüyü yüksəklikdən asılı olaraq bir neçə həftə ərzində tədricən rəngini dəyişir. Bu da payız mənzərələrinin uzun müddət davam etməsinə şərait yaradır.
4. Dolomitlər, İtaliya
Adi yarpaqlı ağaclar yarpaqlarını nisbətən tez töksə də, bölgədəki qaraşamlar oktyabrın sonunda parlaq qızılı rəng alır və noyabrda güclü qar yağana qədər bu görünüşünü saxlayır.
5. Enqadin vadisi, İsveçrə
Unikal mikroiqlim və sıx qaraşam meşələri sayəsində ərazi bir neçə həftə boyunca parlaq sarı rənglərə bürünür.
Burada payız rəngləri ölkənin bir çox digər meşəlik ərazilərindən daha uzun davam edir.
6. Şotlandiya dağlıq bölgəsi, Böyük Britaniya
Burada sanki “ikiqat payız” yaşanır. Əvvəlcə yayın sonunda və payızın əvvəlində çöllərdəki süpürgə kolları tünd bənövşəyi rəng alır. Daha sonra onları noyabra qədər rəngini saxlayan qızılı ağcaqayın və palıd ağacları əvəz edir.
7. Plitvitse Gölləri Milli Parkı, Xorvatiya
Parkdakı göllər müxtəlif yüksəkliklərdə pilləli şəkildə yerləşdiyindən fıstıq və palıd meşələri yuxarı göllərdən aşağı kanyonlara doğru tədricən rəng dəyişir. Bu da payız mövsümünün daha uzun görünməsinə səbəb olur.
8. Laplandiya, Finlandiya
Ölkənin ən şimalında “qızıl payız” sentyabrın əvvəlində başlayır və tədricən cənuba doğru irəliləyir. Bu, turistlərə dəyişən rəngləri bir aydan artıq müddətdə izləmək imkanı verir.
9. Zaltskammerqut və Hallstatt, Avstriya
Bölgədəki böyük Alp gölləri temperaturu yumşaldır və erkən güclü şaxtaların qarşısını alır. Buna görə geniş fıstıq meşələri oktyabrın sonuna qədər öz rəngarəngliyini qoruyur.
10. Doru vadisi, Portuqaliya
Burada klassik yarpaqlı meşələr əvəzinə kilometrlərlə uzanan terraslı üzüm bağları diqqət çəkir. Məhsul yığımından sonra üzümlüklər al-qırmızı, narıncı və sarı rənglərə bürünür və bu mənzərə noyabrın sonuna qədər davam edə bilər.
səyahət Avropa ölkələri payız fəslində Avropa ölkələriMənbə: lent.az