IMG-LOGO

Gürcüstan ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub

22 Apr 2026 21:49 8 baxış
IMG

Gürcüstan ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Sədrliyin rəsmi başlanğıcı Vyanada keçirilən açılış iclası ilə elan edilib.

Açılış sessiyasında çıxış edən Gürcüstanın xarici işlər naziri və baş nazirin müavini Maka Boçorişvili regiondakı təhlükəsizlik mühiti, mövcud çağırışlar və Gürcüstanın prioritetləri barədə geniş məlumat verib.

Nazir bildirib ki, ATƏT məkanında təhlükəsizlik vəziyyəti ciddi narahatlıq doğurur və təcili diqqət tələb edir. Onun sözlərinə görə, müasir dövrdə təhlükələr daha mürəkkəb xarakter alıb və ənənəvi təhlükəsizlik çərçivələrindən kənara çıxır.

M.Boçorişvili vurğulayıb ki, bu şəraitdə forum yalnız mövcud öhdəliklərin gücləndirilməsi ilə kifayətlənməməli, həm də innovativ yanaşmalar və geniş əməkdaşlıq mexanizmləri formalaşdırmalıdır. İştirakçı dövlətlər arasında etimadın bərpası və razılaşdırılmış prinsiplərə hörmət ümumi səylərin əsasını təşkil etməlidir.

Nazir həmçinin Gürcüstanın üzləşdiyi təhlükəsizlik problemlərinə toxunaraq bildirib ki, ölkə həll olunmamış münaqişələrin və suverenliyin pozulmasının nəticələrini yaxından yaşayır. O, Rusiyanın Gürcüstanın iki bölgəsində hərbi mövcudluğunu davam etdirdiyini vurğulayıb.

Çıxış zamanı ATƏT çərçivəsində qəbul olunmuş öhdəliklərin icrasında çətinliklərin mövcud olduğu da diqqətə çatdırılıb. Bildirilib ki, risklərin azaldılması mexanizmləri təzyiq altındadır, hərbi sahədə şəffaflıq və proqnozlaşdırma səviyyəsi aşağıdır, dialoq imkanları isə məhdudlaşır.

Gürcüstan sədrliyi dövründə üç əsas istiqamət prioritet olacaq: təhlükəsizliyin siyasi-hərbi aspektləri üzrə Davranış Qaydalarına əməl olunmasının gücləndirilməsi; silahlı münaqişələrin qadınlara və qızlara təsirinin müzakirəsi; münaqişələr zamanı insan hüquqlarının qorunması məsələləri.

Nazir əlavə edib ki, Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etmək üçün rəsmi müraciət edib və bu addım ölkənin təşkilatın prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrlik rotasiya əsasında həyata keçirilir və Gürcüstan 2026-cı ilin sentyabrınadək bu funksiyanı icra edəcək.

Xəbər lenti