IMG-LOGO

BMT-nin ekspertləri Hindistan hökumətini Zikh əsilli Caqtar Sinq Cohalı azad etməyə çağırıblar

22 Apr 2026 18:02 4 baxış
IMG

BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı, zikh əsilli bloqer və insan hüquqları müdafiəçisi Caqtar Sinq Cohalın (Jagtar Singh Johal) dərhal azadlığa buraxılmasını tələb edən bəyanat yayıblar.

Bakı Təşəbbüs Qrupundan (BTQ) "Report"a verilən məlumata görə, işgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin on müstəqil eksperti birgə bəyanatda onun "səkkiz ildən artıq müddətdir (3089 gün) ki, azadlıqdan məhrum edildiyini və qeyri-qanuni həbsdə saxlanıldığını" vurğulayıb.

Ekspertlər məhkəmə işinin isə hələ də yekunlaşmadığını qeyd ediblər.

BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində nə ailə üzvləri, nə də vəkili ilə əlaqə saxlaya bilib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən elektroşok da daxil olmaqla işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.

Bəyanatda qeyd olunub ki, Cohal 2025-ci ilin martında terrorizm ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər. Onlar həmçinin Cohalın saxlanma şəraitinin pisləşdiyini, ailə görüşlərinin və gigiyena vasitələrinə çıxışın məhdudlaşdırıldığını, təkadamlıq kamerada saxlanıldığını bildiriblər.

Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamların ləğvinə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar.

Qeyd edək ki, Cohal 2017-ci ilin noyabrında həbs edilib. Ona qarşı sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülüb. Caqtar Sinq Cohal Zikh icmasının fəal üzvü, bloqer və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin Zikh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınırdı. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin Zikh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulmuşdu.

Xəbər lenti