IMG-LOGO

ADY rəsmisi: "Modernləşdirmə tranzit ölkə kimi rəqabətqabiliyyətimizi daha da gücləndirir" - MÜSAHİBƏ

16 Mar 2026 15:50 3 baxış
IMG

Beynəlxalq dəhlizlər üzərində yerləşən Azərbaycan hazırda regionun aparıcı nəqliyyat qovşağına çevrilir. Bu baxımdan mövcud dəmir yolu xətləri bərpa edilir, yeni xətlər çəkilir, icra olunan meqa layihələr nəqliyyat-logistika əməliyyatlarınin operativliyinə töhfə verir.

Azərbaycan son illərdə qlobal logistika zəncirinin əsas halqalarından birinə çevrilməkdədir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən marşrutların kəsişməsində yerləşən ölkəmiz həm "Azərbaycan Dəmir Yolları" QSC (ADY), həm də digər nəqliyyat qurumları vasitəsilə tranzit potensialını ardıcıl şəkildə gücləndirir. Xüsusilə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yük axını Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsini strateji prioritetə çevirib.

Məhz bu kontekstdə ölkə üzrə mövcud dəmir yolu xətlərinin bərpası, yeni xətlərin çəkilməsi, elektrikləşmə, rabitə və işarəvermə sistemlərinin yenilənməsi, iri logistika qovşaqlarının və terminalların qurulması istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra olunan meqa layihələr nəqliyyat-logistika əməliyyatlarının operativliyini artırmaqla yanaşı, Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsi prosesini sürətləndirir.

Dəmir yollarında tikinti layihələri sahəsində görülən işlərlə bağlı "Report"un suallarını ADY sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı cavablandırıb:

- Hazırda ADY aktiv şəkildə bir sıra istiqamətlər üzrə tikinti layihələrini həyata keçirir. İcra olunan layihələr hansı mərhələdədir və əsas prioritet istiqamətlər hansılardır?

- AZCON Holding şirkətlərindən olan ADY ölkənin nəqliyyat strategiyasının əsas icraçı qurumlarından biri kimi həm daxili infrastrukturun yenilənməsi, həm də beynəlxalq dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması istiqamətində sistemli fəaliyyət göstərir. Qarşıya qoyulan əsas məqsəd mövcud şəbəkənin modernləşdirilməsi, yeni xətlərin inşası, təhlükəsizlik və sürət göstəricilərinin yaxşılaşdırılması, eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi rəqabətqabiliyyətinin daha da gücləndirilməsidir. Bu baxımdan həyata keçirilən layihələr təkcə lokal əhəmiyyət daşımır, bütövlükdə ölkənin beynəlxalq nəqliyyat xəritəsində mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

ADY əvvəlki illərdə olduğu kimi, ötən il də iri layihələrin icrasını davam etdirib. Fəaliyyətimizin əsas istiqamətlərindən biri olan Qarabağ və Şərqi Zəngəzur layihələrində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub. Belə ki, ötən ilin I yarısında Bərdə-Ağdam dəmir yolu xətti üzrə görülən işlər tamamlanıb və bununla da, ADY Bakı–Ağdam–Bakı marşrutu ilə sərnişindaşıma fəaliyyətinə başlayıb.

Hazırda Bərdə–Ağdam dəmir yolunun davamı olaraq 28 kilometr uzunluğunda Ağdam–Xankəndi xətti üzrə yenidənqurma işləri həyata keçirilir. Hazırda tikinti işlərinin təxminən 40 %-i başa çatıb.

Onu da qeyd etmək istəyirəm ki, hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası da sürətlə davam etdirilir. Xankəndi vağzal kompleksi kifayət qədər mürəkkəb və çoxfunksiyalı bir quruluşa malikdir. Kompleks ticarət mərkəzi ("mall") konsepti əsasında layihələndirilib. Burada gözləmə zalı, əyləncə mərkəzi, istirahət guşələri, mağaza və restoranlarla yanaşı, Qarqarçayın sahilində gözəl bir bulvarın inşası da nəzərdə tutulub. Kompleks simvolik olaraq 44 gün davam edən Vətən müharibəsinin rəmzi kimi 44 sütun üzərində layihələndirilib. Eyni zamanda, binanın "V" ("victory", yəni qələbə) hərfi formasında layihələndirilməsi nəzərdə tutulub.

Paralel olaraq Horadiz–Ağbənd layihəsi üzrə də işlər aktiv şəkildə davam etdirilir. Məlum olduğu kimi, Horadiz–Ağbənd dəmir yolu xətti "TRIPP" adlandırılan Zəngəzur dəhlizinin formalaşmasında əsas komponentlərdən biridir. Ox üzrə 110,4 kilometrlik xəttin 76 kilometrlik sahəsinə artıq rels-şpal şəbəkəsi düzülüb və xəttin bir hissəsi istifadəyə verilib. İlk 30 kilometrdə, Soltanlı stansiyasına qədər artıq kommersiya fəaliyyəti həyata keçirilir. Hazırda layihə üzrə tikinti işlərinin 70 %-i başa çatdırılıb.

- Dəhlizin digər tərəfində, Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı hansı işlər görülür?

- Naxçıvanda da dəmir yollarının bərpası layihəsinin icrasına başlanılıb. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubada qədər olan 7 kilometrlik sahədə işlər aparılır. Layihə çərçivəsində uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 800-dən çox mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel, 12 qalereya və keçidlərin inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşulmaqla Azərbaycanın əsas hissəsinin onun muxtar respublika ilə birbaşa quru əlaqəsini təmin edəcək, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını daha da gücləndirəcək.

- Ölkə ərazisindəki digər dəmir yolu xətlərinin yenilənməsi üzrə hansı işlər görülür? Yaradılan infrastruktur beynəlxalq nəqliyyat dəhlizlərindəki əməliyyatlara nə dərəcədə təsir edəcək?

- Ölkəmizdə dəmir yolu şəbəkəsi kifayət qədər genişdir və bu şəbəkənin modernləşdirilməsi birbaşa olaraq beynəlxalq dəhlizlər üzrə yükdaşımaların həcminə təsir edir. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsini qeyd edə bilərik. Ölkənin "şimal qapısı" hesab edilən Yalama stansiyası ərazisində yeni – Yalama-2 stansiyasının tikilməsi nəzərdə tutulub və burada əlavə 16 yeni qəbul və göndərmə yollarının salınması, briqada evinin və bir neçə köməkçi binanın tikilməsi planlaşdırılır. Hazırda Yalama-2 stansiyasının layihələndirilməsi işləri davam etdirilir.

Eyni zamanda, Biləcəri–Yalama dəmir yolu xətti üzrə vacib işlər görülüb. Bu xəttin yenidən qurulması beynəlxalq maliyyə institutlarından olan Asiya İnkişaf Bankı (ADB) və Fransa İnkişaf Agentliyinin birgə maliyyələşməsi, Azərbaycan tərəfinin icrası ilə ötən ilin sonunda tamamlanıb. Əlavə olaraq, Biləcəri–Yalama xətti üzrə sabit cərəyandan dəyişən cərəyana keçid üçün kontakt şəbəkə, yeni rabitə və işarəvermə sistemlərinin sıfırdan bərpa olunması nəzərdə tutulur. Artıq dəyişən cərəyanla çalışacaq 5 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb, stansiyalarda və mənzillərdə kontakt şəbəkə sisteminin dirək və naqillərinin, izolyatorların dəyişməsi, eyni zamanda, telekommunikasiya sisteminin yenilənməsi planlaşdırılır. Bu da qatarların daha təhlükəsiz idarə olunmasına və yük axınının fasiləsizliyinə şərait yaradacaq.

Şimal-Cənub dəhlizi üzrə əməliyyatların optimallaşdırılması məqsədilə daha bir layihəmiz də var. Bu layihə Biləcəridən Baş Ələt və oradan Hacıqabula qədər uzanan hissədə dəyişən cərəyana keçid, rabitə və işarəvermə sisteminin yenilənməsini ehtiva edir. Bu yolun davamı olaraq hazırda Ələtdən Osmanlı istiqamətində 60 kilometrlik dəmir yolu xəttinin bərpa işləri də davam etdirilir. Qeyd olunan hissədə rels-şpal şəbəkəsi artıq yenidən qurulub. Növbəti ilin ortalarına qədər layihənin icrası üzrə işlərin başa çatdırılacağını gözləyirik.

Onu da bildirim ki, paralel olaraq 183 kilometr uzunluğundakı Osmanlı–Astara xətti üzrə təmir işlərinə başlanılıb.

- Azərbaycanın nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin ərazisindən keçən hissəsində, daha dəqiq desək, arterial dəmir yolu xətlərindən olan Bakı–Böyük Kəsik xətti üzrə hansı yeniliklər var?

- Bakı–Böyük Kəsik dəmir yolu xətti üzrə elektrik kontakt şəbəkənin yenilənməsi, rabitə və işarəvermə sistemləri və telekommunikasiya işlərinin görülməsi nəzərdə tutulur. Artıq Böyük Kəsik stansiyasından Hacıqabul stansiyası istiqamətində dəyişən cərəyan sisteminə keçid təmin edilib. Ucar–Hacıqabul sahəsində (122 kilometr) dəyişən cərəyan sisteminin tətbiqi üzrə işlər ötən il başa çatdırılıb. Sonuncu mərhələdə Hacıqabuldan Bakı istiqamətində dəyişən cərəyana keçid, eyni zamanda, stansiyalarda elektrik sisteminin yenilənməsi işləri nəzərdə tutulur. Bu sahə üzrə də analoji işlər görüləcək.

Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla Bakı–Böyük Kəsik xətti üzrə daşınan yük həcminin artırılması və enerji itkilərinin azalması ilə nəticələnəcək.

- "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" paytaxt və Abşeron yarımadasında şəhər mobilliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Proqram dəmir yolu nəqliyyatında hansı yeniliklərə təkan verəcək?

- Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən bu proqram üzrə görüləcək işlərə Abşeron dairəvi marşrutunun dəyişən cərəyana keçidi, kontakt şəbəkə, rabitə və işarəvermə sisteminin yenilənməsi, eyni zamanda, Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan istiqamətində yolların bərpa olunması layihələri də daxildir.

Şəhərdaxili mobilliyin əlçatan olmasına təsir edəcək əsas amillərdən biri də bu il istifadəyə veriləcək yeni Dərnəgül dayanacağı olacaq. Dayanacağın inşası üzrə aparılan tikinti işlərinin növbəti ay ərzində tamamlanması planlaşdırılır. Belə olan təqdirdə stansiyanın bu ilin ikinci rübü ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Dərnəgül təkcə dayanacaq olmayacaq, həm də Nəqliyyat Mübadilə Mərkəzinin bir hissəsi olacaq. Bildiyiniz kimi, bu ərazidə metro stansiyası mövcuddur, eyni zamanda, metro stansiyasının yaxınlığında avtobuslar üçün böyük nəqliyyat mübadilə mərkəzinin tikilməsi nəzərdə tutulub.

Daha bir vacib məqam isə Qaradağ–Güzdək xəttinin yenidən qurulması ilə bağlıdır. Məhz Qaradağ–Güzdək xəttini bərpa etməklə şimaldan gələn yüklərin Bakıya daxil olmadan cənub istiqamətinə göndərilməsini təmin edə biləcəyik. Təbii olaraq bu işləri görmək üçün yeni çeşidləmə stansiyasına ehtiyac var. Bu baxımdan ən ideal variant Hacı Zeynalabdin Tağıyev çeşidləmə stansiyasının yenidən bərpa olunmasıdır.

- Bütün bu layihələri icra edərkən ADY ətraf mühitin qorunması ilə bağlı hansı addımları atır və hansı amillərə diqqət yetirilir?

- Dəmir yolu karbon emissiyalarının minimal olduğu nəqliyyat növüdür. İlk olaraq qeyd edim ki, dəmir yolunda hərəkət bir neçə dartı növü üzərində qurulub: sabit cərəyan, dəyişən cərəyan və dizel dartı növü. Lakin bizim planımız odur ki, mərhələli şəkildə dəyişən cərəyana keçid edək. Dəyişən cərəyan həm əməliyyat xərcləri, həm də istifadəçi baxımından daha sərfəli və iqtisadi cəhətdən məqsədəuyğundur. Amma bu, böyük vəsait tələb edir. 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasından sonra biz bir çox istiqamətlərdə dəyişən cərəyan sistemi üzrə hərəkət edən qatarlardan istifadə edəcəyik. Bu da, bildiyiniz kimi, karbon emissiyası tullantılarının kəskin şəkildə azalması deməkdir.

Biz paralel olaraq layihələrin planlaşdırılması və icrası zamanı ekoloji təsirin qiymətləndirilməsi, torpaq və su resurslarının qorunması, səs-küy səviyyəsinin azaldılması və tullantıların düzgün idarə olunması kimi amillərə də xüsusi diqqət yetiririk. Dayanıqlılıq artıq ayrıca bir istiqamət deyil, bütün layihələrimizin ayrılmaz tərkib hissəsidir.

- İcra olunan layihələrdə piyada keçidlərinin inşası və ekoyönümlü təşəbbüslərdən biri olan dəmiryol xətləri boyunca heyvan keçidlərinin qurulması ilə bağlı işlər hansı səviyyədədir?

- Layihələndirmə işlərini həyata keçirərkən, əsasən, həmin ərazilərdə məskunlaşmış insanların həyat tərzini, təsərrüfat fəaliyyətini və digər amilləri maksimum dərəcədə nəzərə almağa çalışırıq. Bunun üçün layihələndirmə zamanı yerli icra hakimiyyətlərinin və icmaların rəylərinə önəm veririk. Misal olaraq deyim ki, hazırda Osmanlı–İmişli–Horadiz istiqamətində layihələndirmə işləri davam edir və biz bu xəttin keçdiyi müxtəlif rayon və şəhərlərdəki aidiyyəti qurumlara yuxarıda qeyd etdiyim məsələlərlə əlaqədar müraciətlər edirik.

Piyada keçidlərinə gəlincə isə relyef imkan verdiyi halda alt keçidlərin inşasına çalışırıq. Təcrübə göstərir ki, insanlar üst keçidlərdən daha az istifadə edirlər. Buna görə də üstünlüyü alt keçidlərə veririk, lakin bu mümkün olmadıqda onları üst keçidlərlə əvəzləyirik. Misal üçün, Dərnəgül dayanacağında üst keçid layihələndirilib və orada lift quraşdırılacaq.

Ətraf mühitlə bağlı isə qeyd edim ki, layihələndirmə və tikinti zamanı ətraf mühitə hər hansı mümkün təsiri aradan qaldırmaq üçün adekvat tədbirlər görülür. Belə ki, tikinti layihələrinin icrası zamanı zərurət yarandığı təqdirdə aidiyyəti qurumlara müraciət edərək ağacların köçürülməsi təmin edilir. Eyni zamanda, bütün layihələrin icrası zamanı dəmir yolu xətlərinin ətrafında yaşıllaşdırma işləri aparılır.

Hazırda Xırdalan stansiyası üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə layihə üzərində işləyirik. Həmin ərazidə nəqliyyat mübadilə mərkəzinin qurulması nəzərdə tutulur. Bu mərkəzin bir hissəsi bizim mövcud keçidlə kəsişir. Hazırda həmin keçidin oradan sökülərək bir qədər irəlidə yenidən tikilməsi ilə bağlı danışıqlar aparılır. İstənilən halda yeni layihələrimizdə inklüzivlik məsələsini mütləq nəzərə alırıq.

- Müsahibə zamanı beynəlxalq maliyyə institutlarının dəstəyindən söz açdınız. Yaxın gələcəkdə hansı beynəlxalq maliyyə institutlarının, fondların Azərbaycanın dəmir yolu şəbəkəsinin yenidən qurulmasına dəstəyi gözlənilir?

- Beynəlxalq maliyyə təşkilatları olan ADB, eləcə də OPEC Fondu ölkəmizdə dəmir yolu şəbəkəsinin yenidən qurulması, həmçinin Dünya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi layihəsinin ikinci fazasının tikintisində fəal iştirak edirlər.

ADY yeni dəmir yolu xətlərinin inşası və mövcud dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində fəaliyyətini sıx şəkildə davam etdirir. Bütün bu iri layihələr Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi rolunun güclənməsinə, ölkəmizin ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatlarının həcminin artmasına və tranzit imkanlarının daha da genişlənməsinə xidmət edir.

Beləliklə, həyata keçirilən layihələr yalnız infrastruktur yenilənməsi deyil, eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat sistemində strateji mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş kompleks inkişaf modelinin tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurdan Naxçıvana, Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan dəhlizlər ölkəmizin regionun əsas logistika platformasına çevrilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımların bariz nümunəsidir.

Xəbər lenti