Macarıstan Budapeştin "neft blokadası" altında olduğu müddətdə (red. - "Drujba" neft kəmərinin işinin dayandırılması səbəbindən) Avropa İttifaqının Ukrayna üçün 90 milyard avro məbləğində kredit ayırmasına razılıq verməyəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.
"Avropa İttifaqının sanksiya siyasəti böyük uğursuzluqdur", - o əlavə edib.
Qeyd edək ki, söhbət Aİ-nin Ukraynaya 2026-2027-ci illərdə ayıracağı 90 milyard avro məbləğində kreditdən gedir.
O, Macarıstanın Aİ-dən çıxmaq və ya ittifaqı dağıtmaq planlarını qəti şəkildə rədd edib. "Biz Avropa İttifaqının yenidən güclü olmasının tərəfdarıyıq. Hazırda Aİ-nin zəifləməsini müşahidə edirik. Brüssel son illərdə Avropa İttifaqını çox güclü şəkildə zəiflədib. Brüsseldə ifrat liberalizmdən vətənpərvərliyə doğru böyük siyasi dəyişiklik baş verməlidir. Lakin hazırda Aİ zəifdir, həm dünya siyasətində, həm də iqtisadiyyatda əhəmiyyətini itirir", - XİN başçısı qeyd edib.
Yaxın Şərqdəki gərginlikdən danışan nazir qeyd edib ki, İran və Fars körfəzi bölgəsindəki müharibə qlobal neft tədarükü bazarı üçün böyük problem yaradır. "Buna görə də düşünürəm ki, ən yaxşı addımı amerikalılar Rusiyadan neft tədarükünə sanksiyaları aradan qaldırmaqla atıb. Çünki bu məsələyə Avropa nöqteyi-nəzərindən baxsaq, neftin iki əsas mənbəyi - ərəb dünyası və Rusiya Avropa üçün bloklanmış vəziyyətdədir. Bu isə o deməkdir ki, Avropa böyük itkilər verəcək və ağır iqtisadi problemlərlə üzləşəcək", - Siyarto vurğulayıb.
Nazir əlavə edib ki, Brüssel Yaxın Şərqdəki vəziyyətə təsir edə bilməz, lakin Rusiya neftini Aİ bazarına qaytara bilər. "Bu isə qiymət artımının qarşısını ala bilər", - Siyarto söyləyib.