Bakıda son illər küçələrdə zibil qutularında iki rəng daha çox görünür – narıncı və yaşıl. Paytaxt sakini artıq öyrəşib ki, plastiki, şüşəni, metalı, kağızı və s. bir konteynerə (narıncı), məişət qalıqlarını isə digərinə (yaşıl) atsın. Hətta bəzi insanlar evindən çıxarkən tullantıları ayrı zibil torbalarına yığıb hərəsini uyğun qutuya atır ki, ayrı konteynerlərdən zibilləri yığmağa gələn maşınlara da çətinlik yaranmasın.
Amma bir sıra vətəndaşların sözlərinə görə, bəzi yerlərdə zibil daşıyan maşın konteynerlərə fərq qoymadan bütün zibilləri bir yerə yığıb aparır. Belə olan halda vətəndaşın "mən düzgün edirəmmi?" sualına cavab axtarmasına səbəb olur. Əgər çeşidləmə həqiqətən sistemli şəkildə qurulubsa, niyə insanlar bəzən tullantıların eyni maşında toplandığını görür?
"Report"un məsələni araşdırmaq üçün müraciət etdiyi ilk qurum Baki şəhər "Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti oldu.
Müəssisədən bildirilib ki, konteynerlər hər zaman ayrı maşınlarla yığılır:
"Bakı şəhərində artıq 6 ildir ki bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir və artıq paytaxtın 10 rayonunu əhatə edir. Narıncı konteynerlər kağız, plastik, karton, metal, şüşə, yaşıl konteynerlər isə digər qarışıq tullantılar üçün nəzərdə tutulub. Narıncı konteynerlər ayrı avtonəqliyyat vasitələri ilə, yaşıl konteynerlər isə digər avtonəqliyyat vasitələri ilə daşınır".
Məsul qurumun açıqlamasında layihənin ilk mərhələləri ilə müqayisədə çeşidlənmiş tullantıların həcminin artması məsələsinə də toxunulub:
"Paytaxtın bəzi rayonlarında layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik orta hesabla təqribən 21-23 ton təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı maarifləndirmə işlərinin nəticəsidir".
Həmçinin qeyd edilib ki, Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb:
"Avtonəqliyyat vasitələri və mexanizmlər paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub".
Məsul qurumun açıqlaması kağız üzərində sistemin aydın və nəzarət mexanizmləri ilə müşayiət olunduğunu göstərir: ayrı konteynerlər, ayrı maşınlar, artan göstəricilər və yenilənən texnika. İstər-istəməz sual yaranır: problem kommunikasiya boşluğundadır, texniki proseslərdədir, yoxsa tətbiqdə yaranan çatışmazlıqlardadır?
"Problem təkcə vətəndaşın davranışında deyil. Sistemin logistika və texniki təminat mərhələsində də boşluqlar var".
Bu sözləri "Report"a açıqlamasında ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, Bakıda zibillərin bir yerə tökülməsinin əsas səbəbi ayrı yığım sisteminin tam və ardıcıl şəkildə qurulmamasıdır:
"Ayrı konteynerlər bəzi ərazilərdə yerləşdirilsə də, çoxbölməli zibil maşınlarının sayı məhduddur və tullantılar əksər hallarda qarışıq şəkildə toplanır. Bu isə mənbədə çeşidləmənin effektivliyini azaldır. Nəticədə tullantılar sonradan əsasən Təmiz Şəhər ASC tərəfindən idarə olunan çeşidləmə və emal müəssisələrində ayrılır, lakin üzvi tullantıların plastiklə qarışması təkrar emal keyfiyyətini aşağı salır".
Mövzuya münasibətdə fərqli tərəflərin mövqeyi bir məqamı aydın göstərir: Bakıda tullantıların idarə olunması sistemi mövcuddur, lakin onun bütün həlqələri eyni gücdə işləmir. Ekoloq Rövşən Abbasovun fikrincə, ayrı konteynerlərin qoyulması hələ ayrı yığımın tam işləməsi demək deyil.
Beləliklə, məsələ "kim haqlıdır?" sualından daha çox, zəncirin hansı halqasının zəif işlədiyi ilə bağlıdır. Belə bir sual da ortaya çıxır ki, ümumiyyətlə yığılan zibillərin sonrakı "aqibəti" nə olur?
"Report" bu məsələlərə az da olsa aydınlıq gətirə bilmək üçün Təmiz Şəhər ASC-ə suallarını ünvanlayıb.
Sorğuya cavab olaraq məlumat verilib ki, qəbul edilən tullantılar Balaxanı bərk məişət tullantılılarının çeşidlənməsi zavodunda, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda, Bakı bərk məişət tullantılarının yandırılması zavodunda və Balaxanı Sənaye Parkında müasir üsullarla zərərsizləşdirilir:
"Balaxanı bərk məişət tullantılılarının çeşidlənməsi zavodunda çeşidlənən tullantılar son 5 il ərzində 29,5 min ton karton, 3,7 min ton metal, 3,5 min ton pet butulka, 2,8 min tondan çox şüşə və digər tullantılar daxil olmaqla təkrar emala yönləndirilib. Tullantıların təkrar emalı ilə məşğul olan sahibkarkların fəaliyyət göstərdiyi Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən indiyə qədər 57 milyon manata həcmində investisiya qoyulub və 410 milyon manat dəyərində məhsul istehsal edilib. İstehsal edilən məhsulun 31 milyon manat həcmində olan hissəsi isə xarici ölkələrə ixrac edib. Hər il Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının 1 milyon tona qədəri "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təhvil verilir".
Görünən odur ki, sistem işləyir. Balaxanıdakı çeşidləmə zavodunda son illər ərzində minlərlə ton karton, metal və plastik təkrar emala yönləndirilib, sənaye parkında milyonlarla manatlıq investisiya qoyulub və məhsul istehsal olunub. Beləliklə, bir tərəfdə emal və sənaye mərhələsində işlək mexanizmdən danışılır, digər tərəfdə isə yığımın ayrı maşınlarla həyata keçirildiyi bildirilir. Rəsmi açıqlamalara əsasən, həm texnika yenilənib, həm də çeşidlənmiş tullantıların həcmi artıb. Zəncir tamamlanmış görünür: konteynerdən zavoda qədər sistem qurulub.
Ancaq şəhər küçəsində eyni anda iki fərqli konteynerin qarşısına gələn bir maşın görüntüsü ictimai sualları aradan qaldırmır. Bu halda məsələ artıq emal gücündən yox, ilkin mərhələdə – yəni yığım prosesinin necə təşkil olunmasından gedir.
Seçmə yığımın işləməməsi təkcə sakinlərin davranışı ilə bağlı deyil. Bu, həm də logistika, nəzarət və idarəetmə məsələsidir.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Fatma Yıldırım deyib.
O problemin mənbəyini həm vətəndaşların düzgün çeşidləmə etməməsində, həm yığım prosesini həyata keçirən podratçı qurumların işində, həm də sistemin planlaşdırılmasında görür:
"Son illərdə maarifləndirmə kampaniyaları və pilot layihələr həyata keçirilsə də, Azərbaycanda ayrı yığım hələ tam inteqrasiya olunmuş və sabit işləyən sistemə çevrilməyib. Lakin Bakıda plastik, şüşə və kağız tullantıları üçün rənglərlə ayrılmış konteynerlərin mövcudluğu tullantıların çeşidlənməsi sahəsində düzgün istiqamətdə atılmış addımdır. Bu gün bir çox vətəndaşın tullantıları evdə əvvəlcədən ayrı-ayrı yığması göstərir ki, əsas diqqət artıq infrastrukturdan daha çox insanların maarifləndirilməsinə və bu davranışların davamlı vərdişə çevrilməsinə yönəlməlidir. Çünki tullantıların çeşidlənməsi ilk növbədə ictimai davranış və şəxsi məsuliyyət məsələsidir".
Deputat məsələnin həlli istiqamətində təkliflə çıxış edərək bildirib ki, bələdiyyələr ev təsərrüfatlarına plastik, kağız və məişət tullantıları üçün ayrıca paketlər paylaya bilər:
"Bu təşəbbüs insanların bu prosesə daha rahat qoşulmasına və çeşidləmənin gündəlik həyatın tərkib hissəsinə çevrilməsinə kömək edə bilər. Ümumiyyətlə dərk etmək lazımdır ki, tullantıların düzgün çeşidlənməsi ekoloji tarazlığın qorunması, təkrar emal imkanlarının genişlənməsi və şəhər mühitində çirklənmənin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır və bu proses həm dövlət qurumlarının fəaliyyəti, həm də vətəndaşların birbaşa ekoloji məsuliyyəti kimi qəbul edilməlidir".







