IMG-LOGO

Bakıda yanvarda 4 milyard manata yaxın sənaye məhsulları istehsal edilib

10 Mar 2026 11:02 6 baxış
IMG

Bu ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu ilin yanvar ayında paytaxtda sənaye məhsulunun 70 %-i mədənçıxarma, 25,1 %-i emal, 3,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin fevralın 1-nə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4,7 milyard manatlıq və ya 2025-ci ilin müvafiq ayı ilə müqayisədə 2,5 % çox sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 1,4 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Xəbər lenti