IMG-LOGO

Kakaonun beynin fəaliyyətinə təsir edən gözlənilməz effekti aşkarlandı

07 Mar 2026 08:33 3 baxış
IMG
3 0

Yaponiyanın Vaseda Universitetinin alimi Hayato Tsukamotonun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, flavanollarla zəngin kakaonun bir dozasının qəbulu intensiv fiziki yüklənmə zamanı reaksiya sürətini və qərar qəbuletmə qabiliyyətini yaxşılaşdıra bilər.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Psychopharmacology” jurnalında dərc olunub.

Tədqiqatçılar koqnitiv yorğunluğun idman nəticələrinə necə təsir etdiyini və qida maddələrinin fiziki yüklənmə zamanı zehni funksiyaları qoruyub-qoruya bilməyəcəyini araşdırıblar. Alimlər əsas diqqəti beynin konsentrasiya, impulslara nəzarət və qərar qəbuluna cavabdeh olan icraedici funksiyalara yönəldiblər. Məhz bu sistem futbol və ya basketbol kimi oyunlarda idmançıların baş verənlərə sürətlə reaksiya verməsinə kömək edir.

Uzunmüddətli zehni fəaliyyət koqnitiv yorğunluğa səbəb olur. Bu isə reaksiyanın ləngiməsinə və səhvlərin artmasına gətirib çıxarır. Fiziki yüklənmələr bu təsiri daha da gücləndirə bilər.

Alimlər təbii maddələrin bu vəziyyətdə kömək edib-etmədiyini müəyyənləşdirmək üçün kakao ağacının toxumlarında olan flavanolları araşdırıblar. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və əvvəllər də zehni yorğunluğun azalması ilə əlaqəsinin olduğu müəyyən edilmişdi.

Eksperimentdə təxminən 20 yaşlı 18 sağlam kişi iştirak edib. Onların hər biri iki sınaqdan keçib. Bir gün iştirakçılar 500 milliqram kakao flavanolu olan kapsul qəbul edib, digər gün isə minimal dozalı (50 milliqram) kapsul qəbul ediblər. Bu kapsul plasebo kimi istifadə olunub. İştirakçıların hansı variantı qəbul etdiyini bilməməsi üçün kapsullar eyni görünüşdə hazırlanıb.

Əlavənin qəbulundan bir saat sonra iştirakçılar koqnitiv qabiliyyətləri ölçən testi yerinə yetiriblər. Test zamanı sözün mənasına məhəl qoymadan mətnin rəngini müəyyənləşdirmək tələb olunurdu. Bu isə avtomatik reaksiyanın qarşısını almağı tələb edir. Daha sonra iştirakçılar 50 dəqiqə ərzində velotrenajorun pedalını fırladıblar və eyni zamanda həmin testi yerinə yetirməyə davam ediblər. Fiziki və zehni yüklənmənin bu kombinasiyası güclü koqnitiv yorğunluq yaratmalı idi.

Nəticələr göstərib ki, yüksək dozada flavanol qəbul edən iştirakçılar mürəkkəb tapşırıqlara daha sürətli reaksiya verib və yanlış impulsları daha yaxşı nəzarətdə saxlayıblar. Bu effekt intensiv fiziki yüklənmə zamanı da qorunub.

Eyni zamanda iştirakçılar plasebo qəbul etdikləri vaxt olduğu kimi eyni səviyyədə yorğunluq hiss etdiklərini bildiriblər. Başqa sözlə, onların subyektiv hissləri dəyişməsə də, beynin fəaliyyəti daha səmərəli olub.

Tədqiqatçılar ehtimal edirlər ki, flavanollar beyində qan dövranını yaxşılaşdıra bilər. Bu isə hərəkət və qərar qəbuluna cavabdeh olan beyin sahələrinin oksigenlə daha yaxşı təmin olunmasına kömək edir, həmçinin fiziki və zehni yüklənmə zamanı mühüm rol oynayır. (Azərtac)

kakao

Xəbər lenti