IMG-LOGO

Azərbaycanın MDB ölkələrinə ixracı 5 %-ə yaxın artıb, idxalı isə 40 % azalıb

28 Feb 2026 11:36 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 392 milyon 231,99 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 164 milyon 222,29 min ABŞ dolları və ya 29,5 % azdır. Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,7 % artaraq 125 milyon 713,75 min ABŞ dolları, idxalının dəyəri isə 40 % azalaraq 266 milyon 518,24 min ABŞ dolları olub. Yanvar ayında MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 5,6 %, idxalında payı isə 20,5 % təşkil edib.

Konkret ölkələrə gəlincə, yanvar ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 244,92 milyon ABŞ dolları olub ki, bunun da 80 milyon 37,93 min dolları ixracın, 164 milyon 881,81 min dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsi 40,5 %, ixrac 1,4 %, idxal isə 50,1 % azalıb.

Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 35 milyon 537,07 min ABŞ dolları təşkil edib. Bu ölkəyə ixrac 15 milyon 252,76 min dollar, idxal isə 20 milyon 284,31 min dollar olub. Yanvar ayında Ukrayna ilə dövriyyə 20,1 %, ixrac 33 %, idxal isə 6,5 % azalıb.

Qazaxıstanla ticarət dövriyyəsi 33 milyon 32,41 min dollar olub ki, burada ixracın dəyəri 10 milyon 259,96 min dollar, idxalın dəyəri isə 22 milyon 772,45 min dollardır. Bu ölkə ilə ticarət dövriyyəsi 33,8 %, ixrac 80,2 %, idxal isə 19,87 % artıb.

Belarusla ticarət dövriyyəsinin dəyəri 38 milyon 950,89 min dollar təşkil edib. İxrac 6 milyon 654,75 min dollar, idxal isə 32 milyon 296,14 min dollar olub. Yanvar ayında Belarusla dövriyyə 17,4 %, ixrac 41 %, idxal isə 13,5 % artıb.

Özbəkistanla ticarət əlaqələrində də yüksəliş müşahidə olunub. Dövriyyənin dəyəri 25 milyon 527,69 min dollar, ixrac 5 milyon 489,74 min dollar, idxal isə 20 milyon 37,95 min dollar təşkil edib. Yanvar ayında bu ölkə ilə ticarət dövriyyəsi 75,1 %, ixrac 2,1 dəfə, idxal isə 67,45 % artıb.

Bu ilin yanvar ayında Azərbaycanın Ermənistanla ticarət dövriyyəsinin dəyəri 2 milyon 403,57 min ABŞ dolları təşkil edib və bu məbləğ tamamilə ixracın payına düşüb, idxal isə qeydə alınmayıb.

Xəbər lenti