Avropa Komissiyası (AK) Macarıstanın Baş naziri Viktor Orbanın zədələnmiş "Drujba" boru kəmərinin vəziyyətini yoxlamaq üçün missiya təşkil etmək təşəbbüsünü alqışlayır.
"Report" Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə jurnalistlərə bildirib.
Baş nazir V.Orban fevralın 25-də Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya müraciət edərək, slovakiyalı və macarıstanlı ekspertlərin iştirakı ilə "Drujba" neft kəmərinin vəziyyətini yoxlamaq və faktları müəyyən etmək üçün missiya göndərilməsini xahiş edib.
"Biz Baş nazir Orbanın belə bir missiyanı həyata keçirməyə və onun nəticələrini qəbul etməyə hazır olmasını alqışlayırıq. Bu, çoxdan gözlənilən addımdır. İndi biz missiyanın necə və hansı formada keçiriləcəyini anlamaq üçün növbəti addımları atmalıyıq", - A.İtkonen bildirib.
Onun sözlərinə görə, Aİ hazırda missiya ekspertlərinin boru kəmərinə daxil ola bilməsi üçün Ukrayna hökuməti ilə əlaqə saxlayır.
İtkonen xatırladıb ki, Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayen bu həftənin əvvəlində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə "Drujba" neft kəmərinin təmirini sürətləndirməyi xahiş edib. Eyni zamanda, Rusiyanın yeni hücumları ilə bağlı təhlükənin davam etdiyi şəraitdə bu cür təmir işlərinin aparılmasının çətinliyi ilə bağlı anlayış var. Təmirin müddəti barədə hələlik yeni məlumat yoxdur.