IMG-LOGO

60 yaşı olanların işdən çıxarılması qadağan edilir? - Pensiya vaxtı çatsa belə

27 Feb 2026 17:22 4 baxış
IMG
18 0

Azərbaycanda hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Lakin Ombudsman bu siyahıya 60 yaşdan yuxarı olan şəxslərin də əlavə edilməsini təklif edib.

Bəs görəsən, qanunvericilikdə işçi hansı halda yaşı ilə əlaqədar işdən çıxarıla bilər? Burada işəgötürən və işçinin öhdəlikləri nələrdir? İşçi nə zaman məhkəməyə müraciət edə bilər?

Lent.az xəbər verir ki, Azərbaycan əmək qanunvericiliyində yaşa görə işdən azadetmə ümumi prinsip kimi qadağan edilən ayrı-seçkilik sayılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində yaşa görə hər hansı fərqləndirməni qəti qadağan edir və ayrı-seçkiliyə məruz qalan işçiyə birbaşa məhkəməyə müraciət hüququ verir.

Lakin problem ən çox iki anlayışın (pensiya yaşı və çalışmanın yaş həddi) qarışdırılmasından irəli gəlir. Pensiya hüququnun yaranması öz-özlüyündə əmək müqaviləsinin xitamı üçün əsas deyil. Xitam yalnız Məcəllədə göstərilən konkret hüquqi əsaslara söykənməlidir.

Harada yaş həddi qanuni əsasdır?

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 olaraq müəyyən edilib. Bu kateqoriyada 65 yaşa çatdıqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Lakin burada da istisnalar vr. Belə ki, 65-dən sonra çalışma hər dəfə 1 il uzadıla bilər. Ümumi uzadılma limiti 5 ildir, həmçinin uzadılma işçinin razılığı ilə mümkündür.

Yəni yaş həddi yalnız büdcə təşkilatları üçün və konkret prosedur çərçivəsində hüquqi fakt yaradır. Özəl sektorda pensiya yaşın çatıb ifadəsi ilə xitam yüksək ehtimalla mübahisələndirilə bilər.

Dövlət qulluğunda olmanın yaş həddi 65-dir (uzadılma qaydaları ilə). Hakimlər üçün son yaş hədləri instansiyadan asılıdır, Konstitusiya Məhkəməsi hakimləri üçün son dəyişikliklərlə hədd 75-dir. Hərbi xidmət və ehtiyatda olmanın yaş hədləri ayrıca qanunvericiliklə müəyyən edilir.

Əmək Məcəlləsinə görə fərdi əmək mübahisələrinə əsasən məhkəmələr baxır. İddia müddətləri hüququn pozulduğunu aşkar etdiyi gündən 1 ay (ümumi qayda), məhkəməyəqədər orqan varsa, 3 ay, pul və ziyan tələbləri üçün 1 ildir.

Xitam qeyri-qanuni sayılarsa, məhkəmə adətən işə bərpa və məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qərar verir. Dəymiş zərərə sübut olunmuş xərclər və mənəvi ziyan da daxil edilə bilər.

Qısaca, qanunvericilik yalnız məhdud və konkret müəyyən edilmiş hallarda yaş faktorunu hüquqi əsas kimi qəbul edir. Əks halda, sadəcə yaşa görə verilmiş xitam qərarı yüksək hüquqi risk daşıyır və məhkəmə mübahisəsi zamanı işçinin işə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və digər kompensasiyalarla nəticələnə bilər. Buna görə də yaş faktoru əmək münasibətlərində yalnız normativ əsas və obyektiv meyarlarla əsaslandırıldığı halda tətbiq edilə bilər; əks situasiyalarda isə bu, diskriminasiya kimi qiymətləndirilmə ehtimalını gücləndirir.

Hüquq Əmək Məcəlləsi qanunvericilik yaşa görə işdən azadetmə

Xəbər lenti