Dövlət satınalmalarında mövcud problemlərin bir hissəsi məhz satınalan bəzi təşkilatların fəaliyyəti ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, elektron satınalmaların tətbiqi və prosedurların rəqəmsallaşdırılması şəffaflığın artırılmasına xidmət etsə də, bu, səmərəsizlik risklərini tam aradan qaldırmır: "Bəzən problemlər məhz satınalan təşkilatların fəaliyyəti nəticəsində yaranır. Satınalma şərtləri dəyişdirilə, rəqabət formal xarakter daşıya bilər. Auditlər zamanı ehtiyacın düzgün müəyyən edilməməsi, ehtimal olunan qiymətin düzgün hesablanmaması, bir mənbədən satınalma metoduna üstünlük verilməsi və müqavilə şərtlərinin icra dövründə dəyişdirilməsi halları aşkarlanıb".
Sədr vurğulayıb ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir: "Şəffaflıq və rəqabət mühitinin gücləndirilməsi bu sahədə əsas prioritet olaraq qalır".