Azərbaycanda tur bələdçilərinin sertifikasiya prosesinin könüllü deyil, məcburi qaydada aparılması təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" adlı ictimai dinləmədə çıxış edib.
Onun sözlərinə görə, bələdçilik fəaliyyəti üzrə sertifikat yalnız Azərbaycan vətəndaşlarına təqdim olunduğu halda, həm milli maraqların müdafiəsi, həm də turistlərə ötürülən informasiyanın keyfiyyətinin və dəqiqliyinin artırılmasına xidmət edəcək:
"Bununla yanaşı, ekskursiya xidmətləri göstərən subyektlər üçün vahid ekskursiya mətninin və standartların tətbiqi də vacib məsələdir. Bundan başqa, neqativ halların və sui-istifadə faktlarının qarşısını almaq üçün turizm şirkətlərinin dövlət reyestrinə daxil edilməsi könüllü deyil, məcburi xarakter daşımalıdır".
Deputat həmçinin bildirib ki, "Turizm haqqında" qanunda reyestr məsələsinin nəzərdə tutulması turizm bazarında istehlakçıların hüquqlarının müdafiəsini daha da möhkəmləndirəcək:
"Eyni zamanda, turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq məntəqələrinin formalaşdırılması şəhər infrastrukturunun səmərəli idarə olunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və turistlərin rahatlığı baxımından mühüm rol oynayır".
G.Qəhrəmanov əlavə edib ki, tur-operatorun müştəriyə birbaşa satış həyata keçirməməsi təmin olunmalı, eyni zamanda, tur müddətində yarana biləcək istənilən hadisə ilə əlaqədar məsuliyyətin tur-operatorun öhdəsində olması daha dəqiq formada müəyyənləşdirilməlidir.
"Bundan başqa, turagentlərin tur-operator fəaliyyəti göstərməməsi, yalnız tur-operator tərəfindən formalaşdırılmış turizm məhsullarının satışını reallaşdırması daha məqsədəuyğun hesab olunur. Bu cür yanaşma turizm sahəsində sağlam rəqabət mühitinin qorunmasına və məsuliyyətin düzgün bölüşdürülməsinə kömək edəcək".