Azərbaycanda hüquqmüəyyənedici sənədlərlə kadastr məlumatları arasında fərqlərə dair araşdırma proseduru sadələşdirilib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.
Məlumatda deyilir ki, daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.
14 iyul 2025-ci ildə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna və 9 fevral 2026-cı ildə Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli qərarına edilmiş dəyişikliklərə əsasən, qeydiyyat orqanı belə fərqlər aşkar etdikdə, 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundan sonra torpaqayırma qərarları, kadastr xəritələri və digər hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun yaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.
Vətəndaşların təqdim etdiyi sənədlərdə göstərilən kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks halda hüquqların qeydiyyata alınmasından imtina edilir.
Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində və kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.