IMG-LOGO

Luka Skyeppati: "TAP ilə Azərbaycan qazının Albaniyaya tədarükünə payızda başlanılacaq"

27 Feb 2026 15:04 2 baxış
IMG

Trans-Adriatik boru kəməri (TAP) ilə Azərbaycan qazının Albaniyaya tədarükü 2026-cı il oktyabrın 1-dən başlayacaq.

Bunu "Report"a müsahibəsində "TAP AG"nin idarəedici direktoru Luka Skyeppati (Luca Schieppati) bildirib.

Bu ölkəyə ixrac bu ildən istifadəyə verilən əlavə illik 1,2 milyard kubmetr qaz hesabına həyata keçiriləcək.

"Əlavə uzunmüddətli tutumun böyük hissəsi (illik təxminən 1,04 milyard kubmetr) Türkiyə-Yunanıstan sərhədində yerləşən Kipoi giriş nöqtəsindən birbaşa İtaliyaya tranzit üçün 2026-cı il yanvarın 1-dən etibarən rezervasiya edilib. Bölüşdürülmüş həcmlərin qalan hissəsi (0,16 milyard kubmetr) isə 1 oktyabr 2026-cı il tarixindən etibarən Yunanıstandan Albaniyada tikiləcək yeni çıxış nöqtəsinə qədər olan marşrutla çatdırılması üçün sifariş edilib", - o qeyd edib.

L. Skyeppatinin sözlərinə görə, TAP konsorsiumu uzunmüddətli qaz nəqli müqavilələrində təsdiqlənmiş qrafikə ciddi şəkildə uyğun olaraq "Roskovets" çıxış nöqtəsini hazır vəziyyətə gətirməyi planlaşdırır.

İcraçı direktor vurğulayıb ki, TAP Albaniya ərazisində təbii qaz infrastrukturunun inkişafını dəstəkləməyə tam sadiqliyini qoruyub saxlayır.

Bu günə qədər Trans-Adriatik boru kəməri ilə Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulub. Uzunluğu 878 km olan və 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilmiş qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.

Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmalara əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti