Azərbaycanla əməkdaşlıq İtaliyanın enerji resursları təchizatının etibarlılığının təmin edilməsi və enerji sisteminin çevikliyinin artırılması üçün əsas element kimi çıxış edir.
"Report" xəbər verir ki, bu barədə "Euronews"a Ümumdünya Enerji Şurasının İtaliya üzrə baş katibi Mikele Vityello bildirib.
Onun fikrincə, Avropa Komissiyasının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən "API Holding"dən İtaliyanın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin alınması üzrə sövdələşməni təsdiqləməsi sazişin Avropa İttifaqının (Aİ) antiinhisar normalarına və ümumqəbul edilmiş bazar prinsiplərinə tam cavab verdiyini sübut edir.
"Aktivlərin bu cür satın alınması İtaliyanın enerji sektorunun investisiya cəlbediciliyini nümayiş etdirir və ölkədəki sabitliyə etimadı təsdiqləyir. Avropa Komissiyasının müsbət rəyi seçilmiş kursun Aİ-nin reqlamentlərinə ciddi uyğunluqla həyata keçirildiyini təsdiqləyir", - M.Vityello qeyd edib.
Şuranın baş katibi, həmçinin əlavə edib ki, İtaliyanın enerji baxımından müstəqilliyinin artırılması ilə yanaşı, azad bazar məntiqinə uyğun olaraq xarici kapital üçün açıqlığı qoruyub saxlamaq son dərəcə vacibdir.
"Bu baxımdan, Aralıq dənizi hövzəsinin enerji arxitekturasında mərkəzi yer tutan Azərbaycan kimi əsas resurs təchizatçılarının da daxil olduğu etibarlı dövlətlərlə strateji tərəfdaşlıq və əlaqələrin şaxələndirilməsi təchizat təhlükəsizliyinin, eləcə də sistemin çevikliyinin zəmanəti üçün təməl olaraq qalır", - o vurğulayıb.
M.Vityello bildirib ki, tərəfdaş ölkələr arasında kommersiya münasibətlərinin dərinləşməsi mürəkkəb geosiyasi vəziyyət fonunda əməkdaşlığı və dayanıqlılığı da gücləndirməyə qadirdir.
Nəşr xatırladır ki, SOCAR və "API Holding" arasında "Italiana Petroli"nin səhmlərinin 99,82 %-nin satın alınması haqqında saziş 2025-ci il sentyabrın 23-də imzalanıb. Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.
Avropa Komissiyasından bildirilib ki, bu sövdələşmə bazara məhdud təsir göstərdiyinə görə rəqabət üçün maneələr yaratmayacaq, bununla əlaqədar ərizə sadələşdirilmiş birləşmə proseduru çərçivəsində nəzərdən keçirilib.