IMG-LOGO

"UN-Habitat": WUF13 indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir

27 Feb 2026 10:41 4 baxış
IMG

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam Yemeru WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "UN-Habitat" Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir: "Ümumdünya Şəhərsalma Forumu həqiqətən qlobal, son dərəcə inklüzivdir. O, şəhər inkişafı və mənzil sahəsi ilə bağlı dünyanın ən mötəbər konfransına çevrilib".

Qonaq deyib ki, WUF13 çox vacib tədbirdir: "2026-cı il qlobal şəhər inkişafı üçün xüsusilə mühüm ildir. Birinci məqam odur ki, qlobal mənzil böhranı indi kritik təcililik səviyyəsinə çatıb. Bu gün dünyada təxminən 3 milyard insanın mənzili yoxdur, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində son dərəcə ağır şəraitdə yaşayır. Beləliklə, böhranın miqyasını təsəvvür edə bilərsiniz. Forumun vurğulayacağı məsələ məhz budur".

Bundan başqa, E.Yemerunun sözlərinə görə, mənzil böhranını həll etmədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün deyil: "Daha yaxşı mənzil təminatı ilə daha yaxşı dünyaya sahib olmaq mümkündür. Mənzil təminatı dünyanı daha yaxşı bir yerə çevirir. Aydın şəkildə bildirmək istərdik ki, mənzil böhranını həll etmədən, "Gündəlik 2030" və ya Dayanıqlı İnkişaf Məqsədlərində əks olunan kollektiv davamlı inkişaf baxışımıza nail ola bilməyəcəyik".

O, qeyd edib ki, WUF13-də mənzil təminatı ilə iqlim, münaqişə, yoxsulluq, bərabərsizlik, fəlakətlər, iqtisadi artım, ticarət və sənayeləşmə kimi digər mühüm qlobal inkişaf problemləri arasındakı əlaqələrə diqqət yetiriləcək: "Bunların hamısı hazırda aktual olan kritik qlobal suallardır və onların hər biri mənzil məsələsi ilə bağlıdır. Mənzil təminatı bütün bu qlobal gündəliklər üçün imkanlar yaradır, lakin həll olunmazsa, həmin gündəliklər üçün ciddi çətinliklər törədə bilər".

BMT rəsmisi əlavə edib ki, mənzil təminatı Paris Sazişi də daxil olmaqla, bütün Dayanıqlı İnkişaf Məqsədləri üçün bir sürətləndiricidir: "2030-cu ilə cəmi bir neçə il qalmış mənzil faktoru bu prosesdə katalizator rolunu oynaya bilər. Buna görə də, Ümumdünya Şəhər Forumu bütün BMT və beynəlxalq inkişaf icması üçün çox əhəmiyyətlidir. Biz həmçinin mənzil məsələsinin növbəti dörd il ərzində "UN-Habitat" proqramları üçün əsas vasitə olacağını gözləyirik. Strateji planımıza səs verən 100-dən çox ölkənin dəstəyi ilə biz mənzil məsələsinə diqqət yetirməyi öhdəmizə götürmüşük".

Xəbər lenti