IMG-LOGO

WUF13 Mərkəzi Rezervasiya Platforması təqdim edilib

27 Feb 2026 10:51 4 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Mərkəzi Rezervasiya Platforması təqdim olunub.

"Report" xəbər verir ki, platforma WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında təqdim edilib.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin Qonaqlama ve Viza şöbəsinin rəhbəri Elçin Rufullayev deyib ki, tədbir iştirakçılarına hotel rezervlərini daha rahat, əlçatan etmək məqsədilə mərkəzi rezervasiya platforması yaradılıb: "Mərkəzi rezervasiya platforması əslində həm tədbir iştirakçıları, həm də tədbir təşkilatçısı üçün bir sıra üstünlüklər təşkil edir. Ən başlıca üstünlüklərdən biri sabit qiymətə zəmanət və təhlükəsiz ödənişdir. Hazırda platformamızda 68 hotel bazada formalaşıb, bu da 4 000 otaq sayı deməkdir. Qeyd olunan hotellərlə Dövlət Turizm Agentliyinin dəstəyi və iştirakı ilə hotel rəsmiləri ilə görüşlər olub, onlara tədbirin əhəmiyyəti və konsepsiyası haqqında ümumi məlumat verilib".

O qeyd edib ki, rezervasiya platformasının axtarış parametrləri çox zəngindir: "Yəni qonaqlar qısa müddət ərzində istədikləri seçimə əsasən hotel rezervlərini yekunlaşdıra bilərlər. Parametrlər olaraq, axtarış kateqoriya üzrə, qiymət üzrə və tədbir məkanına yaxınlıq üzrə seçimlərini edə bilərlər. Eyni zamanda platformada süni intellekt inteqrasiyası - "AI assistant" da nəzərdə tutulub.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Şəhərsalma Forumu (WUF) 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradlıb. Təşkilatın məqsədi bu gün dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərləşməni və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini həll etməkdir.

BMT-Habitat tərəfindən çağırılan Forum davamlı şəhərləşmənin çağırışlarının həll edilməsi üçün yüksək səviyyəli, açıq və əhatəli platformadır.

Dünya Şəhər Forumunun məqsədləri geniş ictimaiyyət də daxil olmaqla, maraqlı tərəflər və təmsil olunan qruplar arasında davamlı şəhərləşmə ilə bağlı məlumatlılığın artırılması, açıq və əhatəli müzakirələr, ən yaxşı təcrübələrin və siyasətlərin mübadiləsi, əldə edilmiş dərslərin bölüşülməsi vasitəsilə davamlı şəhər inkişafı üzrə kollektiv biliklərin təkmilləşdirilməsidir.

Bundan başqa, məqsədlərdən biri də davamlı şəhərləşmənin irəlilədilməsi və həyata keçirilməsi ilə məşğul olan müxtəlif maraqlı tərəflər və təmsil olunan qruplar arasında əməkdaşlığın və kooperasiyanın təşviq edilməsidir.

Xəbər lenti