Macarıstanın MOL şirkəti cümə axşamı "Adriya" boru kəmərinin ötürmə qabiliyyətinin sınaqdan keçirilməsi ilə bağlı Xorvatiyanın JANAF şirkəti ilə razılıq əldə edib.
"Report" xəbər verir ki, bu barədə Serbiyanın "Politika" qəzeti xəbər yayıb.
"MOL şirkəti sınaqların başlanmasını alqışlayır, çünki bu, boru kəmərinin faktiki ötürmə qabiliyyəti ilə bağlı uzunmüddətli mübahisələrə son qoya bilər. Mütəxəssislərin iştirakı ilə aparılan sınaqlar "Adriya" boru kəmərinin hansı həcmi ötürə biləcəyini göstərəcək", - Macarıstan şirkətinin məlumatında qeyd olunub.
Bundan əlavə, MOL Xorvatiya tərəfindən Rusiya xam neftinin tranzitinə icazə verilib-verilməyəcəyinə cavab gözləyir. JANAF keçən həftə göndərilən sorğuya hələ cavab verməyib və Avropoa İttifaqının sanksiyaların aydınlaşdırılması üçün vaxt istəyib.
Daha əvvəl yayılan məlumatda bildirilib ki, Ukrayna ərazisində "Drujba" neft kəmərinin zədələnməsi səbəbindən Avropa Komissiyası Macarıstan və Slovakiyaya müvəqqəti olaraq "Adriya" neft kəməri vasitəsilə neft almağı təklif edib. Onun vasitəsilə tədarüklərin başlanması aprel ayına planlaşdırılır.