Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində 30 sazişdən çıxıb.
"Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə fərman imzalayıb.
Onların arasında MDB ilə birgəhava hücumundan müdafiə sistemi, deportasiya olunmuş şəxslərin hüquqlarının bərpası və mədəni sərvətlərin qaytarılması, MDB-yə üzv dövlətlərin SSRİ və ABŞ arasındakı raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması, habelə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədə iştirakı ilə bağlı sazişlər yer alır.
Bundan əlavə, Ukrayna MDB ölkələrinin silahlı qüvvələrinin silah, texnika və maddi resurslarla təmin olunmasını tənzimləyən sazişlərdə, həmçinin təmir müəssisələrinin birgə fəaliyyəti və hərbi sahədə elmi-tədqiqat və təcrübə işlərinin aparılmasında iştirakını dayandırır.
Ukrayna həmçinin MDB çərçivəsində hərbi müşahidəçilər qrupunun və kollektiv sülhməramlı qüvvələrin yaradılması və statusu haqqında, eləcə də digər razılaşmaları da tərk edib.