"Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizi ("Black Sea Submarine Cable", BSSC) layihəsinin dəniz dibinin tədqiqatları iki mərhələdə aparılacaq.
"Report" "Lamnidis Law" şirkətinə istinadən xəbər verir ki, birinci mərhələ Gürcüstan və Rumıniyanın ərazi sularını və xüsusi iqtisadi zonalarını, ikinci mərhələ isə Bolqarıstan və Türkiyənin xüsusi iqtisadi zonalarını əhatə edir.
Qeyd olunub ki, Dünya Bankı tərəfindən maliyyələşdirilən "Enerji şəbəkələrinin qarşılıqlı əlaqəsi və bərpa olunan enerjinin inkişafı vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi" proqramı çərçivəsində həyata keçirilən BSSC layihəsinin növbəti mərhələsi üçün İtaliyanın "CESI SpA" konsaltinq şirkəti ilə yeni üçillik mandat qüvvəyə minib.
"Bu mərhələ dəniz dibi tədqiqatlarının layihələndirilməsini, satınalınmasını və onlara nəzarəti əhatə edir ki, bu da Qara dəniz regionunda elektrik enerjisi sistemlərinin transsərhəd birləşməsinin inkişafında əsas addımdır", - məlumatda bildirilib.
Xatırladaq ki, "Xəzər-Qara dəniz-Avropa" yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması çərçivəsində 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında anlaşma memorandumu imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək, Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini əlaqələndirəcək ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox (1 115 km su altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt təşkil edəcək. Qara dənizdən keçən sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır.