3 may 2026-cı il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” keçiriləcək. Ölkənin idman təqvimində xüsusi yer tutan layihə bu il də minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsi məqsədinə xidmət edəcək.
“Küləyə qalib gəl” şüarı altında keçirilən doqquzuncu Bakı Marafonu ilk dəfə 42 km tam məsafədə təşkil olunacaq. Yarış Dövlət Bayrağı Meydanından start götürəcək və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar. Marşrut boyunca 10 km və 21 km məsafələr üçün də ayrıca finiş xətləri nəzərdə tutulub.
Qeydiyyat prosesi Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən xüsusi məntəqələrdə, eləcə də www.marathon.az platforması üzərindən onlayn qaydada aparılır. Tələbələr üçün iştirak ödənişsizdir. Qeydiyyat üçün son tarix 25 aprel 2026-cı ildir.
“Azercell Telekom” MMC 2017-ci ildən etibarən layihənin baş sponsoru və eksklüziv tərəfdaşı qismində çıxış edir. Şirkət hər il olduğu kimi, 2026-cı ildə də rəhbər heyətin, əməkdaşların və korporativ tərəfdaşların iştirakı ilə marafona fəal dəstək verəcək, idman və sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfəsini davam etdirəcək.
Azercell Bakı Marafonu 2026