Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki müəssisəyə hücumu zamanı ölənlərin sayı yeddiyə çatıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum zamanı partlayıcı qurğularla təchiz edilmiş təxminən 30 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Cinayət işi başlanıb.
Vilayət qubernatoru Vasili Anoxin yerli məktəblərin distant təhsilə keçirildiyini və uşaq bağçalarının müvəqqəti bağlandığını elan edib. Məmur yaxınlıqdakı yaşayış məntəqəsinin evakuasiya edilə biləcəyini bildirib.
13:06
Ukrayna Silahlı Qüvvələri fevralın 25-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Doroqobuj şəhərindəki "Doroqobuj" kimya zavoduna hücum edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata əsasən, Ukrayna PUA-sının zərbələri kimya zavodunun ərazisində yanğına səbəb olub.
"Doroqobuj" ASC Smolensk vilayətində iri sənaye müəssisəsidir və azot gübrələrinin və kimya məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
Öz növbəsində, regionun qubernatoru Vasili Anoxin bildirib ki, hücum nəticəsində zavodun dörd əməkdaşı həlak olub, 10 nəfər yaralanıb.
"Doroqobuj" mülki müəssisəsi hücuma məruz qalıb. Müəssisənin dörd əməkdaşı peşəkar xidməti borcunu yerinə yetirərkən faciəvi şəkildə həlak olub. 10 nəfər yaralanıb", - o qeyd edib.