Qlobal qeyri-müəyyənliyin yüksəlməsi orduya yazılmaq istəyən kanadalıların sayının artmasına səbəb olub.
"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid Makqintio hərbi bazalardakı mənzillərin genişləndirilməsi və modernləşdirilməsinə həsr olunmuş tədbirdə bildirib.
O qeyd edib ki, son səkkiz ay ərzində Kanada Silahlı Qüvvələrinə yeni qəbul edilənlərin sayı 13 faiz artıb: "Onlar hazırda Kanada adlı bu layihədə çox fəaldırlar. Düşünürəm ki, Kanadanın təhlükəsiz və suveren bir ölkə olaraq qalmasını təmin etmək istəyirlər".
Xatırladaq ki, Kanada Baş naziri Mark Karninin Liberal hökuməti ABŞ Prezidenti Donald Trampın xarici iqtisadi siyasəti və ölkəni ABŞ-ın "51-ci ştatı"na çevirmək niyyəti fonunda silahlı qüvvələrin gücləndirilməsinə on milyardlarla dollar xərcləyir.